Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı QHT-lərlə görüş keçirilib.
Görüşdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev dövlətin sosial siyasət tədbirləri içərisində əlilliyi olan vətəndaşların xüsusi rolundan bəhs edib. Bildirib ki, əlilliyi olan şəxslərlə bağlı xeyli sayda layihə icra edilib. Agentliyin yeni konsepsiyasında da bu kateqoriyadan olan şəxslərin işlə təminatı, məşğulluq imkanları, biznes və sahibkarlıq subyekti kimi fəaliyyətləri daha çox diqqətə alınıb.
Kvota üzrə işlə təminat, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramı çərçivəsində dəstək tədbirlərinin davam etdiriləcəyi qeyd edilib.
C.Quliyev bu ilin 9 ayı ərzində 127 nəfər əlilliyi olan şəxsin əmək bazarında aktual peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb edildiyini, onlardan 35 nəfərinin işlə təmin olunduğunu qeyd edib.
QHT rəhbərləri “Əlil sahibkarlara dəstək” layihəsində Dövlət Məşğulluq Agentliyinin iştirakına, eləcə də onların layihə və təkliflərinə dəstək nümayişinə görə təşəkkürlərini bildiriblər. Bu kimi görüşlərin daha çox təşkil olunmasını təklif ediblər.
Tədbirin sonunda növbəti il üçün təkliflər dinlənilib, QHT rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.