...

Autizmin ilkin simptomlarına nələr daxildir?

Cəmiyyət Materials 31 Mart 2023 14:04 (UTC +04:00)
Autizmin ilkin simptomlarına nələr daxildir?

Bakı. Trend:

Autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur. Atipik autizm, Rett sindromu, Asperger sindromu, Heller sindromu, uşaq autizmi bu qrupa daxildir. Bu pozuntuların hər biri spesifik əsas əlamətinə görə fərqlənir və müvafiq yanaşma tələb edir. Bu barədə səhiyyə nazirliyinin mütəxəssis-eksperti Aydan Cabbarova deyib.

Trend Aydan Cabbarovayla müsahibəni təqdim edir:

- Aydan xanım, autizm xəstəliyi nədir və yaranma səbəbləri hansılardır?

- Autizm spektr pozuntusu (ASP) sosial qarşılıqlı münasibətlər və sosial ünsiyyət təşəbbüsü və dəstəklənməsində daimi çatışmazlıq yaşanması, həmçinin bir sıra məhdud, təkrarlanan və dəyişməyən maraq və davranış modeli ilə xarakterizə olunur. Pozuntular inkişaf dövründə, adətən erkən uşaqlıq vaxtı başlayır, lakin sosial tələbatlar məhdudlaşmış imkanlara üstün gələnə qədər simptomlar tam şəkildə təzahür etməyə bilər. Bu çatışmazlıq şəxsi, sosial, təhsil, peşə və ya digər fəaliyyət sahələrində çətinlik yarada biləcək qədər ciddidir və adətən insanın fəaliyyətinin bütün şəraitlərdə müşahidə olunan geniş yayılmış xüsusiyyətidir. Baxmayaraq ki, o insanlar sosial, təhsil və ya digər amillərdən asılı olaraq dəyişə bilərlər. Belə şəxslər bütün spektr boyunca tam intellektual və dil bacarıqları nümayiş etdirirlər.
ASP-nin yaranma səbəbləri özündə müxtəlif amilləri cəmləşdirir. Burada həm irsi meyllilik, həm də xarici təsirlər mühüm rol oynayır. İrsiyyət dedikdə genetik mutasiyalar, X xromosom zəifliyi, nəsildə autizm və ya digər psixi pozuntuların olması nəzərdə tutulur. Valideynlərin yaşının 35-dən yuxarı olması, ananın hamiləlik zamanı infeksion xəstəliklər keçirməsi, hormonal disbalansının olması faktlarını nəzərə almaq vacibdir.
Həmçinin hamiləlik zamanı ananın müxtəlif toksik maddələrin təsirinə məruz qalması (məsələn, pestisidlər), ekoloji vəziyyətin qənaətbəxş olmadığı ərazidə yaşayış da autizm risk amilləri siyahısına daxildir.
Bundan əlavə, uşaq serebral iflici autizmlə müşayiət olunan xəstəlikdir və autizmin yaranma səbəbi olaraq dəyərləndirilə bilər.

- Autizmin ilkin simptomlarına nələr daxildir?

- Autizm spektr pozuntusu dedikdə bir neçə xəstəlik nəzərdə tutulur. Atipik autizm, Rett sindromu, Asperger sindromu, Heller sindromu, uşaq autizmi bu qrupa daxildir. Bu pozuntuların hər biri spesifik əsas əlamətinə görə fərqlənir və müvafiq yanaşma tələb edir. Ümumiyyətlə, bir çox psixi pozuntular kimi autizm spektr pozuntusu da fərdi xarakter daşıyır. Yəni, eyni diaqnoz təyin edilmiş iki pasiyentdə əlamətlər bir-birindən kəskin fərqlənə bilər. Bu isə adıçəkilən diaqnozun təyini və müalicəsinin yüksək peşəkarlıq tələb etdiyinin göstəricisidir.
Autizm spektr pozuntularının 3 əsas əlaməti vardır:
• Sosial qarşılıqlı əlaqələrin qurulması və dəstəklənməsi qabiliyyətinin zəif olması;
• Maraqların məhdudlaşması;
• Tez-tez təkrarlanan davranışlar.
Bu növ pozuntudan əziyyət şəkən şəxslər sosial əlaqə və qarşılıqlı münasibət qura bilmirlər. Belə ki, onlar qarşı tərəfin emosiyalarını, jestlərini, səs tonunu qavramaqda və ayırd etməkdə çətinlik çəkirlər və ya bacarmırlar. Həmçinin, belə şəxslər göz təması qurmurlar. Onlar eyni səs tonu ilə, “robot” kimi danışırlar. Mövzunu dəyişə, söhbəti dəstəkləyə bilmirlər. Bəzi hallarda ünsiyyət zamanı diqqətin cəmlənməsi vərdişi formalaşmamış olur. Bu zaman onlar öz məşğuliyyətlərindən ayrılıb əsas məsələyə reaksiya verməyi bacarmırlar.
Belə şəxslərin istər uşaq yaşlarında, istərsə də yetkinlik vaxtı taktilə qarşı qıcıq qapısı enmiş olur və hər hansı təmasdan yayınırlar, aqressiv reaksiya verirlər. Onların səs və qoxuya qarşı hissiyyatı da güclü olur. Gördükləri mənzərəyə ətrafındakılardan daha intensiv reaksiya verə bilərlər.
Bir çox hallarda ASP ilk olaraq uşağın təkrarlanan hərəkətləri ilə özünü biruzə verir. Məsələn, uşaq monoton təkrarlanan fəaliyyətə (paltaryuyan maşının işləməsi, saatın səsi) saatlarla baxa bilərlər. Bu davranış gündəlik vərdişi şəklində təzahür edir və onlar özləri də eyni hərəkəti təkrarlayırlar. Məsələn, bütün bədənilə və ya yalnız əlini, ayağını, yaxud başını fasiləsiz şəkildə hərəkət etdirirlər. Onlara müraciət etdikdə və ya özləri ünsiyyət qurmağa cəhd etdikdə eyni sözləri fasiləsiz təkrarlayırlar. Belə təkrarlanmalar təkcə bədən və ya nitqdə deyil, gündəlik rejimdə də özünü göstərir. Onlar rejimlərini dəyişməkdə də çətinlik çəkirlər və ya bacarmırlar. Bir çox hallarda təhlükəli və ya faydasız davranışları ayırd edə bilməyib vərdiş etdikləri şəkildə davam etməyə cəhd edirlər.
Autizmdən əziyyət çəkən şəxslərin maraq dairəsi məhdud olur. Onlar fəaliyyət müxtəlifliyini tətbiq edə bilmirlər. Lakin nəzərə almaq lazımdır ki, bir çox hallarda onlar diqqətini çəkən sahəyə qarşı intensiv maraq nümayiş etdirirlər. Bu da bir çox hallarda həmin sahədə onların xüsusi nailiyyətlər qazanmasına şərait yaradır.
Qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, autizmdən əziyyət çəkən şəxslərin sensor orqanlarının fəaliyyəti ya həddən artıq güclü, ya da çox zəifləmiş reaksiyalar şəklində təzahür edir.

- Uşaq və yeniyetmələrdə autizmin hansı fərqli tərəfləri vardır?

- Uşaq və yeniyetmələrdə autizmin əlamətləri müəyyən fərqlərə malikdir. Bu fərqlər daha çox inkişaf dövrünün xüsusiyyətlərilə əlaqədar olaraq müşahidə olunur. Yenidoğulmuş uşaqlar göz təması qura bilmir, valideynlərinin səslərinə, gülüşünə reaksiya verə bilmir. 2-3 yaşlı uşaqlar adətən təkrarlanan – stereotip hərəkətlər olduğuna görə autizm şübhəsi yaradır. Stereotip hərəkətlər adətən emosional hallarda daha çox özünü göstərir.
Nisbətən böyük yaşlı uşaqlarda məşğuliyyətlərinin məhdud olması, qidalara qarşı seçicilik və eyni məhsulla qidalanma kimi əlamətlər təzahür edir. Belə uşaqlar onları məşğuliyyətindən ayıranda affektiv reaksiyalar verə bilərlər (məsələn, əşyaları ətrafa atmaq, qışqırmaq, özünü və ya ətrafdakıları dişləmək).
Yeniyetmələrdə isə hormonal dəyişikliklərin də təsirilə sadalanan əlamətlər daha kəskin şəkildə müşahidə olunur. Yeniyetmələr adətən dostlarının olmaması ilə seçilirlər. Onlar söz və fikirləri birbaşa mənada başa düşür, söhbət mövzuları məhdud olur və mövzunu dəyişmirlər.
Həmçinin yeniyetmələri fərqləndirən əlamətlərdən biri də onların infantilliyidir. Bu da onların sosiallaşması problemini daha da dərinləşdirir.

- Autizm spektr pozuntuların müalicəsində əsaas hansı üsullardan istifadə edilir?

- Autizm spektr pozuntuların müalicəsi zamanı kompleks üsullardan istifadə edilir.
• ABA terapiya (Applied Behavior Analysis, Tətbiqi Davranış Analizi) – adətən autizm diaqnozu təyin edilmiş uşaqlara tətbiq edilən müalicə üsuludur. Bu zaman davranışa nəzarət, etik normalara riayət edilməsi kimi məsələlər üzərində işlənilir. ABA terapiyanın özünün də bir neçə növü var: analitik, davranış, tətbiqi ABA. Pasiyentin vəziyyətindən asılı olaraq bu növlərdən biri seçilir.
• Dərman müalicəsi hər zaman müraciət olunan, lakin mütləq tətbiqi tələb olunmayan üsuldur. Belə ki, pasiyent simptomatik müalicə olunur. Məsələn, aqressiya hallarında, pasiyentin sakitləşdirilməsi mümkün olmadıqda dərman təyin edilir.
• Psixoterapiya - əsasən koqnitiv davranış terapiyası tətbiq edilir. Pasiyentin konkret situasiyalardakı davranış və reaksiyaları təhlil edilir və onun üçün daha zərərsiz və adaptasiyasına müsbət təkan verən modellər hazırlanır.
Həmçinin autizm spektrli pozuntuların müalicəsində əmək terapiyası, loqoped-defektoloqla seanslar, pəhriz də mühüm yer tutan üsullardandır.

- Övladında autizm əlamətlərini müşahidə edən valideyn nəyə diqqət etməlidir?

- Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar xüsusi diqqət və qayğı tələb edilən qrupdur. Valideynlər körpənin hər inkişaf dövrünə uyğun əlamətlər haqqında maarifli olmalıdır. Belə halda onlar müşahidə etdikləri fərqləri mütəxəssislə müzakirə edib vaxtında problemi aşkar edə bilərlər. Uşağın daha qabarıq təzahür edən əlamətlərinə əsasən ailə üzvləri və yaxınları davranış və yanaşma tərzlərində spesifikliyə önəm verməlidir. Bundan əlavə, belə uşaqların intellektinin inkişaf səviyyəsindən asılı olaraq təhsil üsulu seçilməlidir. Bəzi hallarda intellektin inkişaf pozuntusu da yanaşı olaraq qeydə alınır və dərəcəsinə uyğun olaraq təhsil imkanları dəyərləndirilir. Diqqət edilməlidir ki, bəzi hallarda bu uşaqların konkret fəaliyyətlərdə istedadları olur və onun inkişaf etdirilməsi nəzərəçarpan irəliləyişlə nəticələnir.
Valideynlər övladlarında şübhəli əlamət müşahidə etdikdə nəzərə almalıdırlar ki, ailədəki vəziyyət, tərbiyə üsulları, ailə üzvlərinin vərdiş və problemləri, o cümlədən psixi pozuntular uşaqların inkişafında mütləq şəkildə öz əksini tapır. Bu səbəbdən də bəzən xəstəlik mühitin təsiri, təsir isə xəstəlik kimi qiymətləndirilir. Bu hallarda ən doğru addım mütəxəssislə konsultasiyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti