...

Metroda daha bir qadın maşinist olacaq

Cəmiyyət Materials 5 Aprel 2023 14:16 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropoliteninin təşkil etdiyi növbəti qatar maşinisti kursunun birinci mərhələsi yekunlaşıb.

Bakı Metropoliteni QSC-dən Trend-ə verilən məlumata görə, kurs üçün seçimlǝrǝ 30 nəfərdən çoxu qadın olmaqla, 500-dən artıq namizəd qatılıb: "Yekunda 194 nəfər tələblərə uyğun görülüb. Təhsili və yaş həddi uyğun olmayan 299 nəfərlə yanaşı, 7 müraciətçi də müddətli həqiqi hərbi xidməti keçmədiyindən müsabiqəyə cəlb olunmayıb. Dəvət edilənlərdən 120 nəfəri məntiq va metropolitenla bağlı ibtidai biliklər üzrə ilk test müsabiqəsinə qatılıb, daha sonra müsahibə, psixoloji və sağlamlıq testlərində iştirak ediblər. Son mərhələdə 2 nəfəri xanım olmaqla, 20 müdavim maşinist peşəsinə yiyələnmək üçün kursa başlayıb. Müdavimlər əvvəlcə nəzəri bilikləri mənimsəməklə metropolitenin əsas sahələri ilə yaxından tanış olublar. Onlara metropoliten infrastrukturu, vaqonların təmir və baxış sahələri. texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar tədris edilib. Kursda iştirak edən müdavimlər tədris planına uyğun hər tədris dövründə imtahanlara cəlb ediliblər. Nəzəri mərhələlərin yekununda 9 müdavim, o cümlədən xanımlardan biri sınaq imtahanlarında müvəffəqiyyət qazana bilməyərək kursu tərk edib. Digər 11 nafar Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişləri öyrənərək imtahanlara cəlb olunub. 11 iddiaçı kadr komissiyası qarşısında sınaq imtahanı verəcək. Uğur qazananlar bu dəfə metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi üzrə təlimlərə başlayacaqlar. Bakı metropoliteni tarixində ikinci dəfə qadın maşinist adını qazanmağa yaxın olan müdavim da praktiki mərhələdə iştirak edəcək. Bütün namizədlər metropoliten maşinistləri ilə birgə xəttə çıxaraq iş mühitində formalaşmağın vacib cəhətləri ilə tanış olacaq və praktiki idarəetmə bacarığının qiymətləndirilməsi əsasında imtahan verəcəklər. Sonuncu mərhələdə xətlərdə idarəetmə normativlərini yerinə yetirənlər yenidən kadr komissiyası qarşısına çıxarılacaqlar".

Məlumatda bildirilir ki, Bakı metropolitenində qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası 2018-ci ildən tətbiq olunur. Həmin vaxt kursa cəlb olunmuş müdavimlər 2019-cu il aprel ayının 1-dǝn metropolitendə işə qəbul ediliblər. Onlar arasında Bakı metropoliteninin hələlik yeganə qadın maşinisti də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti