...

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 1 İyun 2023 16:54 (UTC +04:00)
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kompozisiyalar təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbir keçirilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Xalq rəssamı, akademik Ömər Eldarov, hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, mədəniyyət xadimləri iştirak edib.

Tədbir iştirakçıları “Heydər Əliyev İli” çərçivəsində Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladığı əl işlərindən ibarət sərgi, habelə Mərkəzdə yaradılmış şəraitlə, peşə-yaradıcılıq otaq və studiyaları ilə tanış olublar.

Tədbirin açılışında çıxış edən Ö.Eldarov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı belə bir tədbirdə iştirak etdiyinə görə məmnunluğunu ifadə edib. Bu mərkəzdə əlilliyi olan şəxslərin və digər həssas qrupların bacarıqlarının inkişaf etdirilməsi üçün görülən işlərin əhəmiyyətini vurğulayıb.

S.Babayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərini, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində sosial sahədə əldə olunan mühüm uğurları diqqətə çatdırıb.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən şəhid ailələrinə, əlilliyi olanlara, digər həssas qruplara, onların qabiliyyət və istedadlarının inkişafına daim xüsusi qayğı göstərilib. 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də Ulu Öndər Heydər Əliyevin həssas qrupların yaradıcı potensialının inkişafına böyük qayğısının uğurla davam etdirildiyini təcəssüm etdirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas qrupların istedad və bacarıqlarının inkişaf etdirilməsi, sosial inteqrasiyası məqsədilə aparılan işlər qeyd edilib.

Sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçi və benefisiarlarının ifasında bədii-musiqili hissə təqdim olunub. Mərkəzin zərb alətləri üzrə təlimçisi, “Natiq” Ritm Qrupunun rəhbəri, xalq artisti Natiq Şirinov, tar ifaçılığı üzrə təlimçi, əməkdar artist Şəhriyar İmanov, kamança ifaçılığı üzrə təlimçi Elnur Mikayılov, piano ifaçılığı üzrə təlimçi Naibə Şahməmmədova, Mərkəzin İnklüziv Kamera Orkestri (bədii rəhbər və dirijor, professor Məleykə Əhədzadə) və benefisiarları ilə birgə çıxış ediblər.

Həmçinin Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti Mirələm Mirələmov, VII Muğam Televiziya Müsabiqəsinin xüsusi mükafatçısı Suma Tapdıqova, gənc ifaçıların 4-cü Respublika müsabiqəsində 1-ci yeri tutmuş Səməd Novruzov və b. benefisiarlarla eyni səhnəni bölüşüblər. Konsert proqramında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kompozisiyalar təqdim edilib, həyatının müxtəlif məqamlarını əks etdirən videomateriallar nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti