Bakı. Trend:
2023-cü ilin yanvar-iyun ayları ərzində Bakı aeroportunun ümumi sərnişin axını 1,5 dəfə artaraq 2 milyon 464 min nəfərdən çox həddə çatıb.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, 2022-ci ilin 6 ayında bu göstərici 1 milyon 634 min nəfər təşkil edirdi.
Qeyd edilib ki, daşınan bütün sərnişinlərin 49.82% beynəlxalq aviadaşıyıcıların payına düşür. Xarici aviaşirkətlər 1 milyon 236 mindən çox sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bu seqmentin 34% artımı deməkdir.
Sərnişin daşımalarının qalan hissəsi AZAL tərəfindən həyata keçirilib - 2023-cü ilin 6 ayında 1 milyon 227 min nəfərdən çox sərnişinə xidmət göstərilib. Ən çox sərnişin Bakıdan Naxçıvana və əks istiqamətdə daşınıb. Qeyd olunan dövr ərzində bu göstərici 300 min çox nəfər təşkil edib.
2023-cü ilin ilk 6 ayında 57 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb. Sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.
Vurğulanıb ki, sərnişin axınının və xarici aviaşirkətlərin sayının artmasını nəzərə alaraq, cari ilin iyunun 20-dən etibarən Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reysləri bərpa edərək səyahətçilər üçün yeni imkanlar açır. Bu terminal aviaşirkətlərə, o cümlədən aşağıbüdcəli aviadaşıyıcılara Azərbaycana və Azərbaycandan istiqamətlərin sayını artırmaq üçün üstünlüklər təqdim edir.
Belə ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun hər iki terminalının fəaliyyəti, eləcə də ölkənin regional hava limanlarının fəaliyyətinin genişləndirilməsi daha da çox turist qəbul etməyə və Azərbaycanın aviasiya sektorunda rəqabət qabiliyyətini artırmağa imkan verəcək.