Bakı. Trend:
Kliniki Tibbi Mərkəz KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun iştirakı, tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Trend-in xəbərinə görə, bildirilib ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə qəza törədib.
"Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A.Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub".
Qeyd edək Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib. Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı türkoloq alim, İstanbul Mərmərə Universtitetinin müəllimi Arif Acaloğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.