Bakı. Trend:
Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial layihə reallaşdırıb. “GİD CSR Consulting” şirkəti və 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzi ilə tərəfdaşlıq əsasında həyata keçirilən bu layihə Beynəlxalq Əlillər Gününə həsr olunub.
Layihə çərçivəsində uşaqlardan ibarət bir neçə komanda arasında
intellektual yarış keçirilib. Yarışın əsas mövzusu Azərbaycanın
ikinci Qarabağ müharibəsi və ölkəmizin zəngin tarixi ilə bağlı
suallar əsasında qurulub. Tədbir sağlam və xüsusi qayğıya ehtiyacı
olan uşaqların bərabər səviyyədə əyləncəli və intellektual
fəaliyyətlərdə iştirakını təmin etmək, uşaqları kiçik yaşlarından
bu mövzuya dair maarifləndirmək və onlarda düzgün təsəvvür yaratmaq
məqsədi daşıyıb.
Qalib komandalar və iştirakçılar sertifikat və müxtəlif
hədiyyələrlə təltif olunub, fiziki məhdudiyyəti olan uşaqların
ailələrinə əlil arabaları təqdim olunub.