Bakı. Trend:
Gender əsaslı zorakılığın qarşısının alınması üçün cəmiyyətin müxtəlif təbəqələri birlikdə çalışmalıdır.
Trend xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florence Bauer "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, təəssüf ki, bütün dünyada qadınlara və uşaqlara qarşı zorakılıq baş verir.
“Məişət zorakılığı bütün cəmiyyətə təsir edən hadisədir. Bu səbəbdən beynəlxalq səylərə ehtiyac var. Gender bərabərsizliyi insan hüquqlarının pozulmasıdır və bu, dayanıqlı inkişafa da mane olur. Azərbaycan bu istiqamətdə uğurlu islahatlar həyata keçirib”, - deyə o əlavə edib.
F.Bauer bildirib ki, cəmiyyət buna dözümsüzlük nümayiş etdirməlidir.
“Birlikdə elə bir cəmiyyət qura bilərik ki, istənilən şəxs zorakılığın qarşısını alınmasında iştirak etsin. Zorakılığın qarşısının alınması üçün 140-dan çox ölkə ilə əməkdaşlıq edirik və səylərimizi genişləndirəcəyik”,- deyə o bildirib.
Qeyd edək ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.