Bakı. Trend:
Qarabağ Universitetinin tərkibində bir peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı nazirliyin planları var və müvafiq qurumlarla razılaşmalar aparılır.
Qeyd edək ki, noyabrın 28-də Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universiteti yaradılması ilə bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.