Rentgenlərlə bağlı Fövqəladə Hallar Nazirliyi ilə daimi danışıqlar aparırıq.
Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin tibb müəssisələrindəki rentgen aparatlarının fəaliyyətinin monitorinq edilməsi ilə bağlı sualına cavabında deyib.
O bildirib ki, həm vətəndaşların, həm də tibb işçilərinin sağlamlığına zərər verəcək halların aradan qaldırılması istiqamətində işlərin aparılmasında biz də maraqlıyıq.
"FHN-lə bu istiqamətdə müzakirələr aparırıq. Onların hazırladıqları təlimatlar üzrə tibb müəssisələrində rentgen otaqlarının, KT otaqlarının həm izolasyı, həm də orada müvafiq addımların atılması istiqamətində işlər aparılır. Tibb Müəssisələrimizin sayı çoxdur. Ümid edirəm ki, gələn ilin sonuna bütün tibb müəssisələrində bu istiqamətdə yoxlamalar aparılacaq və hansı müəssisədə belə sıxıntı varsa, aradan qaldırılacaq",- deyə o əlavə edib.
Qeyd edək ki, TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbiri keçirilir.
Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Səhiyyə naziri cənab Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili cənab Əhliman Əmiraslanov və digər rəsmilər iştirak edir.