Xankəndi. Trend:
İşğaldan azad olunan torpaqlarda olduğumuz üçün çox sevincliyik.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.
"Mən uşaq olanda torpaqlarımız işğal altında idi. Bugün artıq böyük qələbə qazandıq və torpaqlarımızı işğaldan azad etdik. Xankəndiyə girdiyimiz zaman Xankəndi yazısını görərkən sevincimizdən kövrəldik. Sevinirəm ki, qalib ölkənin vətəndaşı, idmançısıyam. Bunun üçün Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.