Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Trend-in xəbərinə görə, müraciətdə deyilir ki, qarşıdan böyük sevinclə qeyd edilən Yeni il bayramı gəlir.
"Bu münasibətlə bəzədilən küknar ağacı ətrafında keçirilən bayram tədbirləri həm də yanğın təhlükəsini yaradır. Təəssüflə qeyd edilməlidir ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların ən sadə təhlükəsizlik qaydalarına etinasız münasibətinə rast gəlinir ki, bu da sonda əziz bayramın faciəyə çevrilməsinə səbəb olur", - m\lumatda qeyd edilib.
Qeyd olunanlarla əlaqədar FHN əhaliyə, o cümlədən, Yeni il şənliklərinin keçiriləcəyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladıb:
- Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- Ağac tezalışan oyuncaqla bəzədilməməli;
- Qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:
- Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
- Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- Pəncərədə dəmir barmaqlıq olmamalı;
- Məkanın iki çıxışı olmalı;
- Ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı;
- Ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
- Təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
- Otağın qapıları mütləq bayıra açılmalı;
- Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- Şənlikdə işıq tam söndürülməməli;
- Şənliyə tezalışan materialdan paltar geyinilməməli;
- Məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Həmçinin, bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır:
"Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər".
Təhlükə zamanı 112-yə zəng etməyin zəruriliyi vurğulanıb.