Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxsi saxlayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlər zamanı 1 nəfər rayon sakininin qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq kustar üsulla hazırlanmış pirotexniki vasitələr satdığı müəyyən edilib. Həmin şəxsin satdığı pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.