...

Bu şəxslərlə bağlı yeni cəzalar müəyyən edilir

Cəmiyyət Materials 30 Dekabr 2023 12:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə yeni cəzalar müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, hazırda məişət zorakılığının müxtəlif formaları ilə bağlı cərimələr mövcuddur. Belə ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Bundan əlavə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Məcəlləyə təklif edilən dəyişikliyə əsasən isə, yuxarıda qeyd edilən xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti