Bakı. Trend:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), “Silk Way West Airlines”ın maliyyə dəstəyi ilə yeni 2024 ilinin başlaması ərəfəsinə təsadüf edən “QIŞ MÖCÜZƏSİ 2024” adlı humanitar-xeyriyyə aksiyası keçirib. Xeyriyyə aksiyası 26-29 dekabr 2023-ci il tarixləri aralığında Ismayıllı / Ağsu, Şəki, Qax / Zaqatala, Sumqait / Abşeron, Bakı / Abşeron ərazilərdə həyata keçirilib.
Humanitar-xeyriyyə aksiyası 4 tondan artıq humanitar yardım ərzaq məhsullarının 200 ailəyə çatdırılması ilə yekunlaşıb. Qeyd edək ki, hər bir qutuda 21 kiloqramdan artıq, ailə tərkibi 3-5 nəfərdən ibarət ailələrə bir aylıq qidalanma üçün nəzərdə tutulmuş sayda, müxtəlif çeşidlərdə ərzaq məhsulları paylanılıb.
100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən bəri insanlara humanitar yardım göstərir.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində “HÖP”, “SMS”, “MilliÖn”, “eManat”, “hesab.az”, “PAŞA Bank”, “Bank of Baku”, “ABB”, “UniBank” mobil əlavələr üzərindən və istənilən bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: [email protected].