Bakı. Trend:
Uzun illərdən sonra Novruz bayramını doğma diyarımız Füzulidə qeyd edəcəyik.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Cəfərova Almaz deyib.
Onun sözlərinə görə, 22 yaşında Füzulini tərk etmək məcburiyyətində qalıb. Füzulidə Novruz bayramını hər il böyük təm-təraqla qeyd edib.
“Məcburi köçkün həyatımızda hər gün deyirdik ki, görəsən gələn il Novruz bayramını Füzulidə qeyd edə biləcəyikmi? İndi isə şükürlər olsun, Novruz bayramını Füzuliyə gedirik. Buna görə, sevincimizin həddi-hüdudu yoxdur. Allah bu sevinci bizə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Torpaqlarımızın azad olunmasına, bizim Füzuliyə geri qayıtmağımıza şərait yaradan Prezidentimizə təşəkkür edirik.
Xatırladaq ki, bu gün 34 ailə, yəni 123 nəfər Füzuli sakini öz yurduna geri qayıdır. Beləliklə indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.