Bakı. Trend:
Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsil müəssisəsini Psixologiya ixtisası üzrə bakalavr və ya magistr səviyyələrində bitirmiş, 30 yaşınadək olan vətəndaşlar mart ayının 27-dən aprel ayının 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Bu barədə Trend-ə Müdafiə nazirliyindən məlumat verilib.
“Ehtiyat zabit hazırlığı kursu”na psixoloq ixtisası üzrə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.
“Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.
Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də
fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı
sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının
sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap
edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş
surəti - 1 ədəd;
- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil
haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş
surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada
təsdiq edilmiş surəti;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial
qaydada təsdiq edilmiş surəti - 1 ədəd;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş
surəti (evli olduqda) - 1 ədəd;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada
təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə
tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2
ədəd 4,5x6 sm ölçüdə);
- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi
dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması
haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion
xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1
ədəd.
Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Telefon: (012) 538-35-70.
Müraciət etmə vaxtı: 2024-cü il martın 27-dən aprelin 20-dək hər gün saat 09:00-dan 17:00-dək.