Bakı. Trend:
6 aprel 2024-cü il, Bakı – “Azərbaycan Hava Yolları” QSC (AZAL)
aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan
rayonunun Ağalı kəndində keçirilən əmək yarmarkasında iştirak
edib.
AZAL Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının sakinlərinin işlə
təmin olunması məqsədilə 15 vakansiya təqdim edib. Vakansiyalar
siyahısında təhlükəsizlik inspektoru, yanğınsöndürən-xilasedici,
yanğın avtomobili sürücüsü, daxiliyanma mühərriklərinin maşinisti,
teхnоlоji аvаdаnlıqlаrın istismаrı və təmiri üzrə mühəndis,
təmirçi-çilingər, qazanxana operatoru və rabitə texniki yer
alıb.
Əmək yarmarkasında AZAL-ın əməkdaşları ziyarətçilərə mövcud
vakansiyalar haqqında məlumat verib, namizədləri qeydə alıb və kadr
seçiminin səmərəliliyinin təmin edilməsi üçün məlumatların
təhlilini aparıblar. Yarmarka zamanı təqdim olunan vakant yerlərə
20-yə yaxın vətəndaş müraciət edib.
Daxil olan bütün müraciətlər ən qısa zamanda diqqətlə nəzərdən
keçiriləcək və tələblərə cavab verən namizədlər müsahibəyə dəvət
ediləcəklər. Müsahibədən uğurla keçən namizədlər müvafiq vəzifə
üzrə işlə təmin olunacaqlar.
AZAL “Böyük Qayıdış” proqramını aktiv şəkildə dəstəkləyir. Bugünkü
gündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iki
beynəlxalq hava limanı — Füzuli və Zəngilan aeroportları fəaliyyət
göstərir. Hazırda bu hava limanlarında ümumilikdə 80-ə yaxın
əməkdaş çalışır.
AZAL-ın Zəngilanda keçirilən əmək yarmarkasında iştirakı qurumun
işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmin edilməsinə və
sosial-iqtisadi inkişafın təşviq edilməsinə xüsusi diqqət
ayırdığını vurğulayır.
Qeyd edək ki, yarmarkaya 23-ü özəl şirkət, 3-ü dövlət qurumu
olmaqla 26 işəgötürən qatılıb. Təqdim olunan vakansiyaların ümumi
sayı 253 təşkil edib.