Bakı. Trend:
Aprelin 24-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının N.Rəfiyev 66/1 ünvanı üzrə ərazi partiya təşkilatında
görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil
Azərbaycanın son üç ildən artıq dövrdə yaşadığı Zəfər sevincindən,
yeni reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə
aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, ölkəmizin sülh
gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi
möhkəmlənən mövqeyindən geniş bəhs edib. Bildirib ki, 2003-cü ildən
Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham
Əliyev təkmil islahatları, yeniliyi özündə əks etdirən siyasəti ilə
Ulu Öndərin görmək istədiyi Azərbaycanı qurdu. O Azərbaycan ki bu
gün zəfərləri ilə dünyanın diqqətindədir. Ümummilli Liderin ən
böyük arzusu, Şuşanı, bütövlükdə Qarabağı və Şərqi Zəngəzuru azad
görmək idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi
kimi, biz Onun və bütün Azərbaycan xalqının, bütün dünya
azərbaycanlılarının arzusunu çin etdik.
Vüqar Rəhimzadə qeyd edib ki, üç il bundan öncə Azərbaycanın tarixi Zəfərə imza atması, ötən il ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması barədə razılaşmanın əldə edilməsi və sair kimi qürur doğuran zəfərlərimiz dövlətimizin uğurlu, düşünülmüş siyasətinin nəticəsidir. Tarixi ədalətə söykənən siyasət uğurların davamlılığında əsas amildir.
YAP Xətai rayon təşkilatının sədri ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın dünənin, bu günün və gələcəyin partiyası kimi nüfuz qazanmasını şərtləndirən amillərə də diqqəti yönəldib. Bildirib ki, YAP yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanıb. Bu gün partiya ölkəmizdə gedən bütün proseslərin mərkəzindədir. YAP nəinki ölkəmizin, bütövlükdə regionun aparıcı siyasi təşkilatıdır, ənənələri olan partiyadır. YAP sıralarını günbəgün kəmiyyət və keyfiyyət baxımından daha da genişləndirir. 1992-ci ildə 550 nümayəndənin iştirakı ilə təsis konfransını keçirən partiyanın sıralarında bu gün 800 minə yaxın üzv birləşib. Bu, Heydər Əliyev ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin siyasətinə inamın nümayişidir. Bu ilin 7 fevral tarixində keçirilən növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsi həm Azərbaycanın, həm də partiyanın ötən dövr ərzində qazandıqları uğurların təqdimatı oldu.
Tədbirdə digər çıxış edənlər Yeni Azərbaycan Partiyasına xidmət etməyin dövlətə, xalqa xidmət olduğunu önə çəkərək bildiriblər ki, Ümummilli Liderin adı ilə bağlı olan partiyada təmsil olunmaq böyük şərəfdir. Bu gün YAP Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, artıq yeni dövrə qədəm qoyan Azərbaycanı zirvələrə ucaldan Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində uğurla inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.
Sonda YAP Xətai rayon təşkilatının N.Rəfiyev 66/1 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Xəzri Əmiraslanov 50 illik yubileyi münasibətilə təbrik edilib və rayon təşkilatının Fəxri fərmanı ilə təltif olunub.
YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqələri təqdim edilib.