Bakı. Trend:
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin
rəhbəri Anar Məmmədlinin Cinayət Məcəlləsinin 206.3.2-ci
(qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə) maddəsi ilə məsuliyyətə cəlb edilməsi o qədər də
təəccüblü olmadı. Çünki 2001-ci ildən “seçki eksperti” kimi
fəaliyyət göstərən Anar Məmmədlinin Qərbin Azərbaycanda “təsir
agenti” olduğu və göstərdiyi xidmətlər qarşılığında “qrant
maqnatı”na çevrildiyi sirr deyil. O da sirr deyil ki, A.Məmmədli
indiyə qədər proseslərdə “arxa planda” qalaraq, özünü gizlətməyə,
qrant qaçaqmalçılığını başqa şəxslər və təşkilatlar üzərindən
həyata keçirməyə çalışıb. Və bəlkə də buna görə, qanunsuz
fəaliyyətini 20 ildən artıqdır həyata keçirə bilib.
Trend xəbər verir ki, Anar Məmmədlinin tərcümeyi-halına nəzər
yetirdikdə onun fəaliyyətində bir neçə ştrix xüsusilə seçilir.
Birincisi, Qərb dairələrinin Azərbaycandakı
maraqlarının həyata keçirib, xüsusilə seçki prosesinə müdaxilələrin
edilməsi, neqativ kampaniyaların təşkili və anti-təbliğat üçün
“arqumentlərin” hazırlanması işini görüb;
İkincisi, Qərbin Azərbaycandakı şəbəkəsinə qrant
pullarının qanundan kənar yollarla çatdırılması və paylanılmasını
həyata keçirib;
Üçüncüsü, Qərbə bağlı şəbəkəni təkcə qaçaqmalçılıq
yolu ilə ölkəyə gətirdiyi qrantlarla yox, həm də yeni adamlarla
təmin edib, xüsusilə gəncləri bu şəbəkə ətrafına cəbləyib.
Uzaq olmayan 2000-ci illərdə - postsovet məkanında “rəngli
inqilab”ların uğur qazandığı dövrdə Qərb Azərbaycanı da hədəf
taxtasına çıxarmışdı və bu məqsədlə aktiv şəbəkə formalaşdırmaq
istiqamətində güclü iş aparılırdı. Həm siyasi müxalifətdə, həm
vətəndaş cəmiyyətində qurulan şəbəkə eyni “missiyanı” icra edir,
verilən tapşırıqlara uyğun olaraq, ölkənin ictimai-siyasi həyatına
müdaxilələr edirdi. Anar Məmmədlinin ulduzu da həmin vaxt parlamağa
başladı. Gənc “seçki eksperti” Qərb dairələrinin diqqət mərkəzinə
tez düşmüşdü, yaxud onu məhz bu iş üçün hazırlamışdılar. Nəticə
etibarilə A.Məmmədli Qərb dairələrinin xüsusi seçilmiş adamı kimi
Azərbaycanın ictimi-siyasi həyatında “inamla addımlayırdı”.
Məmmədli həm siyasi müxalifətin qrant layihələri üzərindən
maliyyələşməsində xüsusi rol oynayır, həm də Azərbaycanda keçirilən
seçkilərə kölgə salınması, Qərb dairələrinin ölkəmizə qarşı
informasiya və siyasi hücumlarında “arqument” kimi istifadə etdiyi
“alternativ hesabat”ların hazırlanması işini icra edirdi.
“Seçkilərin Monitorinq Mərkəzi”ni (SMM) də bu məqsədlə
yaratmışdı.
2001-ci ilin 24 iyul tarixində A.Məmmədli tərəfindən təsis edilən
SMM-nin əsas işi seçki və gənclərdən ibarət şəbəkənin qurulması
olub. 2001-2008-ci illərdə Azərbaycanda keçirilən bütün seçkilərlə
bağlı – parlament, bələdiyyə, prezident, referendum – mənfi
hesabatlar SMM-ə məxsus olub. Seçki keçirilməyən dövrlərdə isə,
xüsusilə 2005-ci ildən başlayaraq, A.Məmmədli regionlarda - Gəncə,
Sumqayıt, Beyləqan, Mingəçevir, Göyçay, Quba, Cəlilabad, Şəki və
Naxçıvanda SMM-nin “filial” və “nümayəndəliklər”ini yaradaraq,
gəncləri öz çətiri altına toplayıb. Bu, A.Məmmədli və onun təsis
etdiyi SMM-nin fəliyyətindəki görünən tərəflərdir. Görünməyən
tərəfi A.Məmmədlinin AXCP sədri Əli Kərimli ilə gizli əlaqələrindən
ibarətdir. Əslində A.Məmmədlinin “ulduzunun parlamasına” da bu
kontekstdə baxa bilərik.
1998-ci il prezident seçkilərindən sonra Əli Kərimli Qərb
dairələri, xüsusilə Soros şəbəkəsi ilə sıx təmaslar qurmağa
başladı. Dövrün şərtlərinə görə qanundan yayındıra bildikləri qrant
pullarını asanlıqla ölkəyə gətirə və mənimsəyə bilirdilər. “Soros”
və “Marşal Fondu” kimi donor təşkilatlar əsas mənbələr idi. Bu
təşkilatlardan qrantların alınması üçün arxasında Əli Kərimlinin
olduğu 5 QHT yaradılmışdı və işi koordinasiya edən də o vaxt AXCP
sədrinin beynəlxalq məsələlər üzrə müavini olan Fuad Mustafayev
idi. Söhbət nə az, nə çox, milyonlarla dollar vəsaitin əldə
edilməsindən gedir. Lakin AXCP sədri Qərbin Azərbaycandakı
planlarının icrasını effektli şəkildə həyata keçirə bilmədiyi üçün
qrantların verilməsində problemlər yaranıb. Məlumatlara görə, donor
təşkilatları pulların mənimsənildiyindən, layihələrə
xərclənmədiyindən şübhələnirmiş. Buna görə Ə.Kərimlinin QHT-ləri
ilə işləməkdən imtina edirlər. Daha sonra ortaq nöqtənin tapılması
qərarı verilir. Məsələni yerində araşdırmaq üçün Aleks Qriqoryevs
(ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu deyilən
Qriqoryevs sonradan Milli Demokratiya İnstitutunun (NDİ) Bakı
ofisinin rəhbəri kimi 2012-ci ildə “facebook inqilabı” planını
həyata keçirməyə cəhd edib) Azərbaycana göndərilir. Onun
hazırladığı hesabatlara əsasən qərara gəlinir ki, qrant layihələri
həm Qərb dairələrinə, həm də Əli Kərimliyə yaxın olan şəxslər
üzərindən icra edilsin. Anar Məmmədli Qərb dairələrinin (birbaşa
Aleks Qriqoryevs tərəfindən də olduğu deyilir) seçdiyi şəxs kimi
məhz bu dövrdə ortaya çıxır və onun yaratdığı SMM “vasitəçi”,
“koordinator” rolunu yerinə yetirməyə başlayır. Məmmədli həm
seçkilərlə bağlı mənfi hesabatlar hazırlayır, həm qrant pullarının
AXCP-yə çatdırılması işini görür, həm də gəncləri
təşklilatlandırırdı. Lakin A.Məmmədlinin də Əli Kərimli ilə əlbir
olaraq, donor təşkilatlarını aldatdığı haqda məlumatlar var. Misal
üçün, Məmmədli seçkilərlə bağlı layihələrə əsasən AXCP gənclərini
heç bir ödəniş olmadan cəlb edir, onların adına rəsmiləşdirdiyi
pulları Əli Kərimli ilə bölüşdürürdü. Hətta seçkilərin birində 100
min dollarlıq qrantın 97 min dollarının Əli Kərimliyə çatmasının
Məmmədlinin təşkilatında işləyən əməkdaşları tərəfindən narazılığa
səbəb olduğu haqda məlumatlar var.
2008-ci ildə Anar Məmmədlinin rəhbərlik etdiyi SMM-də qrantların
qeyri-şəffaf xərclənməsi və vergidən yayınması faktı ortaya çıxdı.
Buna görə təşkilatın dövlət qeydiyyatı ləğv olundu. Faktlara görə,
Məmmədli təşkilatının adına aldığı qrantları fiziki şəxs kimi
sənədləşdirərək, vergidən yayınırdı. SMM-nin ləğvindən sonra
Məmmədli ad dəyişikliyinə gedərək, “Seçkilərin Monitorinqi və
Demokratiyanın Tədrisi Mərkəzi”ni (SMDTM) yaratdı. Bu, həm
fəaliyyətini davam etdirməyə hesablanmışdı, həm də seçkilərin
keçirilmədiyi dövrlərdə “demokratiyanın tədrisi” adı altında daha
çox qrant layihəsinin əldə edilməsinə. Məmmədli qanunun “radarına”
düşsə də, qeyri-qanuni fəaliyyətindən əl çəkmədi. 2008-2013-cü
illərdə SMDTM adı ilə aldığı qrantları yenə “fiziki şəxs” kimi
rəsmiləşdirirdi. Məlumatlara görə, 5 il ərzində Məmmədlinin fiziki
şəxs kimi yaratdığı bank hesabına 480 min dollar vəsait daxil olub.
Bununla yanaşı, o, qrant layihələrini fərqli təşkilatların adından
icra etmək fəndinə də əl atmışdı. Bu məqsədlə SMDTM-i Könüllülərin
Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik
Jurnalistika Məktəbi (DJM) ilə birləşdirmişdi.
2013-cü il prezident seçkilərinin gözdən salınması, Qərbdə
anti-Azərbaycan dairələrin “istinad etdiyi” mənfi hesabatların
hazırlanması üçün A.Məmmədliyə 276 min dollar qrant ayrılıb. Donor
təşkilat Milli Demokratiya İnstitutu (NDİ) idi və cəmi bir il öncə
- 2012-ci ildə Bakıda inqilab ssenarisi uğursuz olan Aleksey
Qriqoryevs məhz Anar Məmmədliyə layihə ayrılmasında “zamin” rolunu
üzərinə götürmüşdü. Məmmədli 276 min dollarlıq qrant layihəsini
KBƏİB və DJM üzərindən rəsmiləşdirdi, çünki 2013-cü ildə qrantların
qeydiyyatı ilə bağlı qanuna edilən dəyişikliklər pulların SMDTM
üzərindən əldə edilməsini çətinləşdirmişdi. Məmmədlinin
fəaliyyətində qanun pozuntuları aşkar edildiyi üçün o, 2014-cü ildə
həbs edildi, iki il sonra – 2016-cı ildə Prezidentin əfv sərəncamı
ilə azadlığa çıxdı. Və Qərb dairələrinin tapşırıqlarının yerinə
yetirilməsi, qrant qaçaqmalçılığı işini qaldığı yerdən davam
etdirməyə başladı.
2018-ci il prezident, 2019-cu il bələdiyyə və 2020-ci il parlament
seçkilərində dövlət qeydiyyatı olmayan SMDTM mənfi hesabatların
hazırlanması işini “layiqincə” yerinə yetirdi. Və çox maraqlıdır
ki, Qərb dairələri dövlət qeydiyyatı olmayan bu təşkilatı
“alternativ mənbə” kimi qəbul edir. Təkcə bu məqam A.Məmmədlinin
Azərbaycanda “təsir agenti” kimi əsas missiyasının nədən ibarət
olduğunu anlamağa imkan verir. Təsadüfi deyil ki, Məmmədlinin
rəhbərlik etdiyi təşkilat fəaliyyəti dövründə ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Avropa Şurası
Parlament Assambleyasının tədbirlərində əsas iştirakçılardan biri
olub, eləcə də Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa
Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması
(EPDE) və ATƏT-in DTİHB-nin müşahidə missiyalarının tərkibində
müxtəlif ölkələrdə seçki müşahidəçiliyini həyata keçirib. Bu,
SMDTM-nin “beynəlxalq nüfuzlu” təşkilata çevrilməsi və
Azərbaycandakı seçkilərlə bağlı hazırladığı mənfi, qərəzli
hesabatlara istinadın legitimləşdirilməsi məqsədi daşıyır.
A.Məmmədlinin sonuncu missiyası 2024-cü ilin 7 fevral prezident
seçkilərində təxribatların törədilməsi idi. O, 7 fevral tarixindən
aylar öncə seçkinin legitimliyinə kölgə salmaq kampaniyasına
başladı. Seçki günü isə məntəqələrdə “fakt”ların toplanması,
mənqətə əməkdaşları və polislərlə qarşıdurmaya gedərək,
neqativlərin yaradılması işini həyata keçirməyə çalışırdılar.
Məlumatlara görə, A.Məmmədli 500 nəfərlik “müşahidəçi qrupu”
yaradacağı vədi ilə Qərbin donor təşkilatlarından 350 min manat
qrant əldə edib, seçki günü isə cəmi 15-20 nəfərlik qrup yaradaraq,
ayrılan vəsaiti mənimsəyib. Təxribat planları baş tutmadı, lakin 7
fevral seçkisi Qərb şəbəkəsini tamamilə ifşa etdi.
- Anar Məmmədlinin rəhbərlik etdiyi SMDTM;
- “Toplum Tv” və kanalda Xədicə İsmayılın rəhbərlik altında
fəaliyyət göstərən jurnalistlər;
- AXCP sədri Əli Kərimli və başının dəstəsi;
- Xaricdə Azərbaycan qarşı kampaniyalarda və hücumlarda iştirak
edən, bir çox hallarda erməni diasporu/lobbisi ilə paslaşan
“azərbaycanlı şəbəkəsi”: misal üçün, Tükiyədə yaşayan, “Agos” və
“ermənihaber” saytının əməkdaşı Arzu Qeybulla, Almaniyada yaşayan
“Fakt Yoxla” layihəsinin rəhbəri Leyla Mustafayeva (Əfqan
Muxtarlının keçmiş həyat yoldaşı olan L.Mustafayeva hazırda erməni
diasporu/lobbisinin təşviqi ilə Fransanın Azərbaycana qarşı media
üzərindən həyata keçirdiyi təxribat layihələrində də iştirak edir),
hüquq müdafiəçisi İntiqam Əliyev və digərləri; Anar Məmmədli
fəaliyyətini bu şəxslərlə sıx koordinasiya edir.
Əslində A.Məmmədlinin seçki günü təxribat törətmək məqsədilə donor
təşkilatlarından aldığı 350 min manatın şəbəkə arasında
bölüşdürüldüyü sirr deyil. Seçki günü təxribat qrupuna əsasən AXCP
gənclər təşkilatının üzvlərinin daxil olması, onların təxribat
məqsədli “faktlarının” “Toplum Tv”-nin redaksiyasına ötürülməsi də
bunu deməyə əsas verir.
A.Məmmədlinin donor təşkilatlarını aldatdığı, ayrılan vəsaitləri
mənimsədiyi faktı təkcə bununla bitmir. Mediada yayılan səs yazısı
bu kontekstdə xüsusilə diqqət çəkir. SMDTM-nin qrantın xərclənməsi
ilə bağlı hesabatında uyğunsuzluq tapan şəxs (səs yazısından aydın
olur ki, bu şəxs xarici donor təşkilatlarının əməkdaşıdır)
A.Məmmədliyə bildirir ki, “biz sizi bir neçə dəfə
maliyyələşdirmişik, lakin siz 2011-ci ildə cəmi bir dəfə olduğunu
yazmısınız. Mən xatırlayıram ki, ən azı 2 dəfə, bəlkə də 3 dəfə
olub”. A.Məmmədli bunu “arxiv sənədlərinin itməsi” ilə
əlaqələndirir, daha sonra isə üç dəfə - 2008-ci ildə, 2010-cu ildə
və 2011-ci ildə olduğu haqda məlumat verir. Yazışmada qeyd olunur
ki, A.Məmmədli 2008-ci ildə 49 min dollar, 2010-cu ildə isə 25 min
dollara yaxın vəsait alsa da, hesabatda yalnız 2011-ci ildə aldığı
vəsaiti göstərir. Görünür, bununla qrant vəsaitlərini mənimsəməsini
gizlətməyə çalışıb.
A.Məmmədlinin son üç ildə əldə etdiyi vəsait isə sözün həqiqi
mənasında fantastika hesab edilə bilər. Söhbət 1,5 milyon manata
yaxın vəsaitdən gedir və bu, bir QHT üçün kifayət qədər böyük
məbləğdir. Məlumatlara görə, A.Məmmədli 2021-2024-cü ildə aşağıdakı
təşkilatlardan qrantlar alıb:
- Gürcüstanın “Human Rights House Tbilisi” təşkilatından
2.265 avro;
- Fransanın “Equal Rights İndependent Media” təşkilatından 4 570
avro;
- İsveçin “Swedish International Liberal Centre”(SILC)
təşkilatından 12.625 ABŞ dolları;
- Norveçin “Norwegian Human Rights House Foundation” təşkilatından
24 850 avro;
- İsveçrədə yerləşən “Human Rights House Foundation” təşkilatından
27 020 avro;
- Belçikanın “İnternational Partnership for Human Rights” (IPHR)
təşkilatından 43 290 avro;
- ABŞ-ın “The National Endowment for Democracy (NED) təşkilatından
53 770 avro və 75 010 dollar;
- Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 59 850
avro;
- ABŞ-ın “German Marshall Fund” təşkilatından 74 411 dollar və 27
215 avro;
Bununla yanaşı, 170 635 avro və 243 020 dollar təşkil edən
layihələr də daxil olmaqla, ümumilikdə 1 milyon 441 min manat
məbləğində “qrant” vəsaiti əldə edib. Və bu qədər vəsait Anar
Məmmədlinin hesabına son üç ildə daxil olub. Bəllidir ki, Anar
Məmmədli bu qədər vəsaiti təkbaşına “xərcləyə” bilməz, bunu ona nə
vəsaiti verən dairələr, nə də ölkə daxilindəki Qərb şəbəkəsi imkan
verməz. Bu vəsaitin ümumilikdə Azərbaycandakı Qərb şəbəkəsinə
çatdığı və qrantların xərcləndiyi istiqamətlər bəllidir.
1. Seçkilərlə bağlı təxribatların təşkili və neqativ
hesabatların hazırlanması: son seçkilərdə bu çılpaqlığı ilə ortaya
çıxdı;
2. İnformasiya sektorunda Azərbaycanın ictimai rəyinin
manipulyasiya edilməsi və dövlət siyasətinə kölgə salan
infotəxribatların yayılması: “Abzas.net”, “Toplum Tv” kimi
informasiya resursları bu işi həyata keçirirdi;
3. Regionlarda təşkilatlanma, şəbəkəyə yeni üzvlərin cəlb edilməsi:
SMDTM-in regionlar üzrə kooordinatorların sayı göstərir ki, şəbəkə
bütün regionlara yayılıb. Bakı üzrə Aygün Veysəlova, Gəncə üzrə
Asəf Əhmədov, Beyləqan üzrə Əmir Orucov, Kürdəmir üzrə Samir
Məmmədov, Şəki üzrə Vüqar Cəfərov, İmişli üzrə Azər Əliyev və
s.
Seçkilərdən sonra əsas hədəf COP29 olub. A.Məmmədli bu məqsədlə bir
qrup “qrantyeyən” QHT-lərlə birləşərək, “Ədalət Mühiti Təşəbbüsü”nü
təsis edib. COP29 tədbirindən öncə diqqəti “quru sərhədlərinin
açılması”, “qadınlara qarşı zorakılıq”, “QHT-lər və Qrant haqqında
qanunlara dəyişiklik edilməsi” kimi məsələlərə yönəltməyə
çalışırlar. Məqsəd bəllidir:
- Ənənəvi olaraq, Qərbdə aralarında erməni diasporu/lobbisinin də
olduğu anti-Azərbaycan dairələri Bakıda beynəlxalq əhəmiyyətli
tədbirlər keçirilən vaxt diqqəti neqativ məqamlar üzərinə yönəldir,
belə neqativlər tapmasalar belə “yeni problemlər” uydururlar: COP29
tədbiri öncəsi də eyni taktikadan istifadə edəcəkləri
gözləniləndir;
- Məmmədli başda olmaqla “qrantyeyən şəbəkə” bütün dünyanın
diqqətini Azərbaycana cəlb edəcək COP29 tədbiri ərəfəsində
anti-Azərbaycan dairələrin planlarından yararlanmaq, yeni “qrant
layihələri” almaq istəyirlər: bunun üçün artıq COP29 öncəsi diqqəti
“neqativlərin” üzərinə çəkmək addımları atılır;
Bu məqamlar A.Məmmədli üçün milli maraqlar yox, məhz “qrant
layihələri”ndən nə qədər gəlir əldə etməsinin vacib olduğunu
göstərir. Son üç ildə 1,5 milyon manata yaxın vəsaiti də məhz milli
maraqlara qarşı fəaliyyəti hesabına əldə edib.
A.Məmmədlinin milyon yarım manatı hansı yolla əldə etməsi isə
“qrant qaçaqmalçılığı” şəbəkəsinin gizli mexanizmini yenidən
gündəmə gətirir. Məlumatlara görə, Məmmədli xarici donor
təşkilatlardan “qrant layihələri” adı altında aldığı vəsaiti
Gürcüstanın TBC bankında öz adına açmış 4 hesab vasitəsilə
nağdılaşdıraraq, qanunsuz yollarla Azərbaycana gətirib. O, “qrant
qaçaqmalçılığı”na digər şəxsləri də cəlb edib. Bunun üçün əvvəlcə
həmin şəxsləri xarici donor təşkilatları tərəfindən dəstəklənən
beynəlxalq təlim və tədris proqramlarına göndərib, onların qəbul
olunması üçün tövsiyə xarakterli məktublar yazıb, daha sonra donor
təşkilatları tərəfindən “qəbul edilən” bu şəxsləri qaçaqmalçılıq
işinə daxil edib. “Məclis.info” layihəsinin təsisçisi İmran Əliyev
A.Məmmədli tərəfindən “qrant qaçaqmalçılığına” cəlb edilənlərdən
biridir. Onun beynəlxalq təlim və tədris proqramlarında iştirakını
da Məmmədli təşkil edib. Məlumatlara görə, İmran Əliyev son 5 ildə
- 2019-2024-cü illər ərzində bir milyon manata yaxın vəsait əldə
edib.
- ABŞ-ın “Freedom House INC” təşkilatından 890 dollar;
- ABŞ-ın “International Research & Exchanges” təşkilatından 1.761
dollar;
- Belçikanın “International Partnership for Human Rights”
təşkilatından 2.600 avro;
- Gürcüstanın “Human Rights House Tbilisi” təşkilatından 9.069 lari
(5.770 AZN);
- İsveçrənin “Human Rights Information and Documentation Systems”
(HURIDOCS) təşkilatından 3.737 dollar;
- ABŞ-ın “Internews” təşkilatından 6.420 dollar;
- Fransanın “Equal Rights İndependent Media” təşkilatından 8.350
avro;
- Niderland Krallığının “Netherlands Helsinki Committee”
təşkilatından 10.050 avro;
- ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə “USAİD” təşkilatından
16.434 avro;
- ABŞ-ın “Counterpart International İNC” təşkilatından 23.781
dollar;
- ABŞ-ın “Journalism Development Network Pred” təşkilatından 34.561
dollar;
- ABŞ-ın “The National Endowment for Democracy (NED)” təşkilatından
“Azərbaycanda rəqəmsal hüquqların maarifləndirilməsi və qorunması”
layihəsi çərçivəsində 39.240 dollar;
- Avropa İttifaqına üzv dövlətlər tərəfindən yaradılmış, mərkəzi
Belçikada yerləşən “The European Endowment for Democracy”
təşkilatından 54.450 avro;
- ABŞ-ın “German Marshall Fund” təşkilatından “Məclis info”
layihəsi çərçivəsində 56.930 dolları (əlavə olaraq 2024-2025-ci
illəri əhatə edən dövr üçün nəzərdə tutulmuş 30.010 avro);
- “Black Sea Trust for Regional Cooperation” layihəsi çərçivəsində
69.880 avro;
- Çexiyanın “Prague Civil Society Centre” təşkilatından 90.004
avro;
Bu dövr ərzində İ.Əliyevin əldə etdiyi vəsait ümumilikdə 833 min
manat təşkil edir. Bu vəsaitin bir hissəsi – 297 min manatı
Gürcüstanın “TBC Bank”ında açdığı şəxsi hesabına köçürülüb, qaçaq
yolla ölkəyə gətirilib.
Qərb və onun Azərbaycandakı şəbəkəsi “Gürcüstan marşrutundan” ilk
dəfə 2013-cü ildə qrantlarla bağlı qanuna dəyişiklik edilməsindən
sonra istifadə etməyə başladı. Məqsəd “qrant layihələri” adı
altında ayrılan vəsaitləri dövlətin diqqətindən yayındıraraq,
qanunsuz şəkildə ölkəyə daxil etmək idi. Bu mexanizm bir neçə
istiqamətdə işləyir.
- Vəsait müxtəlif ölkələrdə yaradılan bank hesablarına
köçürülür və əsasən Gürcüstanda nağdlaşdırılaraq, gətirilir;
- Birbaşa Gürcüstanda yaradılan bank hesabına köçürülür, orada
nağdlaşdırılaraq əldə edilir;
- İŞİD kimi terror təşkilatlarının istifadə etdiyi “hawala sistemi”
üzərindən əldə edilir: “yeraltı bankçılır” adlandırılan bu sistemdə
heç bir fiziki iştirak tələb olunmur, anonimlik qorunur, rəsmi
qeydlər saxlanılmır və pulun mənbəyini izləmək mümkün
deyil.
“Abzas Media” və “Toplum Tv” işində bir daha təsdiq edildi ki,
“qrant layihələri” adı altında ayrılan vəsaitlər Azərbaycana bu
yolla gətirilir. Bununla yanaşı, Qərb şəbəkəsinin metodlardan biri
də “adsız bank kartları”ndan istifadədir. Məlumatlara görə,
“Məclis.info”nun təsisçisi İmran Əliyev, “Abzas Media”nın rəhbəri
Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı xarici ölkələrə
məxsus olan “adsız bank kartları”ndan istifadə edib və bu kartlara
köçürülən pulları nağdalaşdırıblar. “Adsız kartlar” Gürcüstanın
TBC, Böyük Britaniyanın EML və ABŞ-nin “US Bank Reliakard”
banklarına aid olub.
Maliyyələşmənin bu qədər gizli şəkildə aparılması, hətta terror
təşkilatlarının mexanizmlərindən istifadə edilməsi səbəbsiz deyil.
Qərb öz şəbəkəsinin ifşa olunmasını istəmir, əslində “qrant
layihələrində” bu qədər yeyintinin olmasına donor təşkilatlarının
“göz yumması” da bundan qaynaqlanır. Çünki məqsəd Qərbin
Azərbaycandakı planlarını uyğun olaraq, ölkənin ictimai-siyasi
həyatına müdaxilələr etmək və qarışıqlıq yaratmaqdır. Bunun uğrunda
milyonlarla “yeyinti” Qərb üçün o qədər də vacib görünmür.
Qərb üçün vacib olan qanunsuz şəkildə maliyyələşdirdiyi QHT və
media şəbəkəsinin mövcudluğunu davam etdirməsi, yerli hökumətlərə
təzyiq rıçaqlarını əlində saxlamaqdır. Bu, Qərbin klassik
siyasətinin tərkib hissəsidir. Məhz buna görə ABŞ başda olmaqla
Qərb QHT və media sahəsində şəffaflıq və qanunun təmin olunmasına
qarşı çıxır, bunu “demokratik prinsiplərə” zidd elan edərək,
müxtəlif vasitələrlə mane olmağa çalışır. Azərbaycanda qrant
layihələri ilə bağlı qanunun dəyişdirilməsi Qərb şəbəkəsinin
maliyyələşdirməsində çətinlik yaratdığı üçün hələ də bunu tənqid
edir, qanunun yumşaldılması üçün rəsmi Bakıya zaman-zaman təzyiq
edirlər.
Bu gün Gürcüstanda baş verənlər də eyni siyasətin davamıdır.
Gürcüstan hökumətinin “xarici agent” haqqında qanunu qəbul etmək
istəyi süngü ilə qarşılanır. Halbuki, ABŞ-da “xarici agent”
haqqında qanun 86 il əvvəl - 1938-ci ildə qəbul olunub, “Xarici
Agentlərin Qeydiyyatı Aktı” (FARA-Foreign Agents Registration Act)
adı ilə bu gün də mövcuddur. Maliyyə qaynaqlarının 20 faizdən çox
hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və
şirkətlər ABŞ-də “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir
dairəsinə düşür. Lakin ABŞ özündə mövcud olan qanunun digər
ölkələrdə qəbul edilməsinə qarşı çıxır. Səbəb sadədir: bu qanun
ABŞ-ın başqa ölkələrdə yaratdığı şəbəkənin fəaliyyətini
məhdudlaşdırır və onun planlarının icrasına maneə yaradır, eləcə də
yeni şəbəkə formalaşdırmaq imkanlarını azaldır. Gürcüstana edilən
təzyiqlər də bundan qaynaqlanır.
90 faizi Qərbdən maliyyələşən 25 min QHT-nin mövcud olduğu
Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi gündəmə gələn
kimi Qərb öz şəbəkəsini hərəkətə keçirir, həm küçələrdə xaos
yaradır, həm də siyasi hakimiyyətdə özünə yaxın şəxsləri-qrupları
aktivləşdirir. Bu qanun qəbul edilərsə, Qərbin Gürcüstandakı bütün
şəbəkəsi çökəcək və bu, təkcə Gürcüstanı “nəzarətdə saxlamaq”
imkanının itirilməsi yox, həm də Azərbaycana dair planlarının
alt-üst olması deməkdir. Çünki Gürcüstan Qərbin Azərbaycanla bağlı
planlarında əsas platforma kimi seçilib. Qərb şəbəkəsinin qanunsuz
maliyyələşməsinin illərdir Gürcüstandan həyata keçirilməsi də bunu
təsdiq edir. Qərb dairələri bununla həm Azərbaycandakı şəbəkəni
təmin edir, həm də Gürcüstandakı şəbəkə ilə koordinasiyalı
fəaliyyət göstərməsini həyata keçirir. Gürcüstanda “xarici
agentlər” haqqında qanuna edilən etirazla Azərbaycanda şəbəkənin
sıradan çıxması istiqamətində atılan addımların tənqid edilməsi
bir-birinə bağlı məsələlərdir. Qərb dairələri Cənubi Qafqazda təsir
rıçaqlarını itirməkdən qorxur. Artıq Azərbaycandakı məlum şəbəkə
dağıdılır: “Abzas media”, “Toplum Tv”, SMDTM və şəbəkənin digər
qanadlarının ifşası xarici güclərin Azərbaycana müdaxilə
siyasətinin qarşısının alınması, təkcə bu gün yox, həm də gələcəkdə
ölkəmizin milli maraqlarının qorunması məqsədi daşıyır. Bu
baxımdan, Qərbə bağlı şəbəkənin bütün qanunsuz fəaliyyətinin ifşa
edilməsi, qanunu pozanların hakim qarşısında çıxarılması zərurəti
var.