Bakı. Trend:
MMA və Qrapplinq Federasiyasının xuliqanlığa görə 6 ay azadlıqdan məhrum edilmiş qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov və Rüfət Əsədov həbsdən azad edilib.
Trend xəbər verir ki, idmançılara təyin edilmiş 6 aylıq həbs cəzası bu gün başa çatıb, onlar istintaq təcridxanasından azadlığa buraxılıblar. İdmançılarla birgə həbs edilmiş Vüqar Kərəmov isə 6 gün sonra azadlığa buraxılacaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.
Hadisəyə görə Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədovla birgə Tofiq Musayev də təqsirli bilinib. Ona cərimə cəzası verilib.