...

Qazaxda minaya düşənlərin SON VƏZİYYƏTİ

Cəmiyyət Materials 2 Avqust 2024 16:30 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

02.08.2024-cü il tarixində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarətlər alan 1995 və 1998-ci il təvəllüdlü şəxslərə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yaraları diaqnozu qoyulan digər iki 2 nəfərə - 1989 və 2002-ci il təvəllüdlü şəxslərə isə Təcili tibbi yardım bölməsində ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirildiyi üçün xəstəxanadan təxliyə ediliblər", - məlumatda qeyd edilib.

Qeyd edək ki, avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.

"Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.

Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur", - məlumatda deyilir.

Qeyd edilib ki, hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti