Bakı. Trend:
2024-cü ilin sentyabr ayının ötən günləri ərzində havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 sentyabr tarixində 35 dərəcə isti, bölgələr üzrə isə 2-3 sentyabr tarixlərində Naxçıvan MR-da 38 dərəcə isti müşahidə olunub.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, sentyabr ayının ötən dövrü ərzində əksər
bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən dağlıq
və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntı qeydə
alınıb. Ümumilikdə bölgələr üzrə 5 gün yağıntılı hava şəraiti olub.
Ən çox yağıntı Balakən-Şəki bölgəsinə düşüb. Həmçinin, 13 sentyabr
tarixində Şahdağın 3500 metrdən yüksək olan dağlıq ərazilərinə qar
yağıb.
“Sentyabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti
ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı
xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 2 gün,
bölgələrdə isə 8 gün küləkli olub, küləyin maksimal sürəti Abşeron
yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib”.
G. Abbasovanın sözlərinə görə növbəti bir həftə ərzində də Bakıda
və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir, lakin 14-də və 17-də səhər saatlarında bəzi yerlərdə
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.
Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-30 dərəcə isti
olacağı gözlənilir.
Bölgələrdə də növbəti bir həftə ərzində hava şəraitinin əksər
rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq
və dağətəyi rayonlarda gecə və axşam saatlarında yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan
xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə
18-23 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə,
gündüz 13-18 isti olacağı ehtimal edilir.