Bakı. Trend:
Mövsümi virus infeksiyalarından sonrakı 7-10 gün ərzində bir çoxlarında astenovegetativ əlamətlər baş verir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu zaman insan özünü bir müddət zəif, halsız hiss edir, yuxusu pisləşir, iştahı azalır, yaddaşı zəifləyir, iş qabiliyyəti aşağı düşür.
“Bu əlamətlər sağlamlıq durumu yaxşı olmayan insanlarda daha uzun müddət davam edə bilər”.
Mütəxəssis-ekspert qeyd edib ki, bu halların daha tez aradan qalxması üçün kifayət qədər istirahət edilməli, özünü fiziki və zehni yükləməməli, açıq havada gəzməli, gün ərzində 7-8 saat yatmalı, az intensivlikli səhər idmanı hərəkətlərini yerinə yetirməli, vitamin-mineral tərkibli qidalar, mövsümə uyğun meyvə-tərəvəz ilə qidalanmalı, maye qəbulunu bir qədər artırmalı və stresdən uzaq durmalıdır.