Bakı. Trend:
Su iqtisadiyyat, sosial rifah və ərzaq təhlükəsizliyi üçün qiymətli resursdur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, dünyada təmiz suya əlçatanlıq böyük problemdir.
“Bu problemdən qadınlar çox böyük əziyyət çəkir. Sudan səmərəli istifadə yalnız qadınlara məxsus bir hal deyil. Biz bu bərabərsizliyi aradan qaldırmaq niyyətindəyik.
Azərbaycanda təmiz suya əlçatanlığın artması üçün bir sıra tədbirlər görülür. Suya əlçatanlıq çox vacib ictimai məsələdir. Ailədə suyun əsas tənzimləyicisi olan qadınlar artıq dövlət qurumlarında suyun idarə edilməsində, bu haqda qərar verilməsində daha aktiv iştirak edirlər. Məqsədimiz bütün vətəndaşların su ehtiyatlarından bərabər faydalanmasıdır”,- deyə o bildirib.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilir.
Konfransda iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr ediləcək.