Bakı. Trend:
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Fizikanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
ADPU-dan Trend-ə verilən məlumata görə, tədbirin açılışında elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək, fizika elminin ölkədəki inkişafının vacibliyindən danışıb. O, Azərbaycanlı alimlərin fizika sahəsində dünya elminə verdiyi töhfələri vurğulayıb və bu sahədəki mövcud problemlərin həlli istiqamətində həyata keçirilməli olan əsas tədbirlərə diqqət çəkib.
Professor Zamanov qeyd edib ki, müasir elmi texnologiyaların və cihazların ölkəyə gətirilməsi və onların geniş tətbiqi qarşıda duran əsas vəzifələrdən biridir. Lakin bəzi hallarda yeni texnologiyalar ölkəyə gətirilsə də, həmin avadanlıqlardan istifadə edə bilən mütəxəssislərin çatışmazlığı problemlər yaradır. Bu problemi aradan qaldırmaq üçün gənc mütəxəssislərin xarici elmi mərkəzlərdə təcrübə keçmələri və əldə etdikləri bilikləri Azərbaycanda tətbiq etmələrinin vacibliyi vurğulanıb.
Eyni zamanda, professor elmlərarası tədqiqatların coğrafiyasının genişləndirilməsinin fizika sahəsində ciddi nailiyyətlər əldə olunmasına təkan verə biləcəyini qeyd edib.
Konfransda 130-dan çox məruzə təqdim edilib. Tədbirdə ADPU ilə yanaşı Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Gəncə Dövlət Universitetinin əməkdaşları da iştirak edərək elmi məqalələr təqdim ediblər.