Bakı. Trend:
Ötən dövr ərzində TKTA tərəfindən keçirilən qiymətləndirilmə və tanınma imtahanlarında 550 nəfərdən çox vətəndaş iştirak edərək peşə ixtisasını təsdiq edən sənəd əldə etmək hüququ qazanıb.
Trend xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, Agentlik tərəfindən hazırda 26 peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma prosesi təşkil olunmaqdadır.
"Müraciət qaydaları, tələb olunan sənədlər və imtahanlar barədə məlumatı keçid-dən istifadə edərək əldə etmək və qeydiyyatdan keçmək mümkündür.
Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün +99450 443 77 89 mobil nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər",- deyə əlavə edilib.
Qeyd edək ki, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli, 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Mövcud Qaydaya əsasən vətəndaşlar peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün TKTA-ya müraciət edərək müvafiq imtahanlardan keçib peşə ixtisasını təsdiq edən sənəd əldə edə bilərlər. Qiymətləndirilmə prosesindən uğurla keçmiş namizədlərə Agentlik tərəfindən müvafiq qaydaya uyğun olaraq, peşə ixtisasını təsdiqləyən sertifikat və ya diplom təqdim edilir.