Bakı. Trend:
Qanun layihəsi vətəndaşların gündəlik həyatına, sosial rifahına, şəhərsalma proseslərinə və enerji təhlükəsizliyinə birbaşa təsir göstərən strateji əhəmiyyətli sənəddir. İstilik enerjisi, xüsusilə də payız-qış mövsümündə insanların həyat keyfiyyətini və yaşayış şəraitini müəyyən edən əsas elementlərdən biridir. Bu baxımdan istilik təchizatı məsələsi ölkə üçün prioritet istiqamətlərdən sayılır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, qanun layihəsi istilik enerjisinin istehsalı, paylanması, satışı və istehlakına dair hüquqi, iqtisadi və təşkilati əsasları tənzimləməyi hədəfləyir:
“Layihədə mərkəzləşdirilmiş istilik sistemlərinin təkmilləşdirilməsi, fərdi istilik sistemlərinin hüquqi statusu, bərpa olunan enerji mənbələrinin stimullaşdırılması və enerjidən səmərəli istifadə məsələləri xüsusi yer tutur. Bununla yanaşı, sahibkarların iştirak etdiyi tikinti sektorunun ehtiyacları da qanunun tənzimləmə predmetində nəzərə alınıb. Layihə istilik təchizatı sektorunun səmərəli, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməklə, dövlət və özəl sektor arasında funksional əməkdaşlıq, texniki tələblərin standartlaşdırılması və bazar mexanizmlərinin tətbiqini nəzərdə tutur”.
Millət vəkili vurğulayıb ki, qanun layihəsi aşağıdakı əsas prinsipləri rəhbər tutur:
- İstilik təchizatının etibarlılığı və təhlükəsizliyi;
- İdarəetmədə şəffaflıq və effektivlik;
- İstehsalçı, paylayıcı, satıcı və istehlakçılar arasında hüquqi balans;
- Bərpaolunan enerji mənbələrindən istifadə və enerji effektivliyi;
- Ətraf mühitin mühafizəsi və texniki təhlükəsizlik;
- İnvestorların və iş adamlarının təşviqi, inhisarçılığın məhdudlaşdırılması və rəqabət mühiti.
Parlamentin komitə sədri qanunun tətbiqindən gözlənilən nəticələri açıqlayıb:
- Texniki itkilərin və resurs israfının azalması, xidmətin keyfiyyətinin artması;
- Sosial obyektlər və yaşayış fondu üçün fasiləsiz istilik təminatı;
- Ətraf mühitə zərərin azaldılması, enerji effektivliyinin artması;
- Dövlət və özəl sektor arasında funksional tərəfdaşlıq modeli;
- İnnovasiya və rəqəmsallaşma imkanlarının genişlənməsi (ağıllı sayğaclar, uçot sistemləri);
- İnvestorlar üçün risklərin azaldılması və hüquqi şəraitin sabitliyi.
Sadiq Qurbanov əlavə edib ki, qanun layihəsi enerji sektorunun strateji seqmentlərindən birini əhatə etməklə dövlət tənzimləməsi, xidmət keyfiyyəti və bazar mexanizmlərinin tarazlaşdırılmış modelini təqdim edir, enerji təhlükəsizliyi, sosial rifah və iqtisadi dayanıqlılığın təmininə xidmət edir.
“Hazırlanacaq sənədlərdə istilik təchizatı sahəsində yeni texnoloji və investisiya imkanlarının reallaşdırılması, eləcə də Böyük Qayıdış çərçivəsində inşa ediləcək yaşayış sahələrinin mərkəzləşdirilmiş istilik sistemlərinə qoşulması məsələlərinin də öz əksini tapması istilik təchizatının yüksəlməsinə töhfə verə bilər”, - deyə deputat fikrini tamamlayıb.