Bakı.Trend:
Dövlət Miqrasiya Xidmətində Cənab Prezidentin müvafiq sərəncamı ilə təsis edilmiş Yüksəkixtisaslı Miqrant Portalının təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, portal Yüksəkixtisaslı Miqrant Proqramı iştirakçılarının müraciətlərinin qəbulu və cavablandırılması, işəgötürənlərə əcnəbi mütəxəssislərin məlumatlarına çıxış, yüksəkixtisaslı miqrantlar və onların ailə üzvləri üçün proqramın təmin etdiyi güzəştlərlə bağlı məlumatların əldə edilməsi və s. imkanlar yaradır.
Təqdimat mərasimində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, aidiyyatı dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin nümayəndələri, vətəndaş cəmiyyətlərinin üzvləri və Miqrasiya könüllüləri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən DMX sədri qeyd edib ki, portal pass.gov.az kimi müəyyən edilib. Portalın əcnəbilərə xitab etdiyi nəzərə alınaraq dili ingilis dilində seçilib.
O, bildirib ki, portal 4 dildə fəaliyyət göstərir.
“Yüksəkixtisaslı əcnəbi olduğunu düşünənlər bu proqramda qeydiyyatdan keçə bilər. Qiymətləndirmənin nəticəsi müsbət hesab edilərsə, proqram 20 gün ərzində bu məlumatı qəbul edir. Bunun əsasında Azərbaycana sadələşdirilmiş qaydada viza əldə etmək və ailə üzvləri ilə yaşama icazəsi əldə edə bilər. Həmçinin yaşama icazələri, vətəndaşlığa qəbul etmək üçün müraciət etmək imkanı əldə edə bilər”.
DMX sədri qeyd edib ki, bu sahədə tətbiq olunan meyarlar var.
“Əcnəbilər qeydiyyatdan keçərkən xüsusi bacarıqlarını qeyd etməklə tələb olunan 100 baldan minimum 70 balı topladığı halda bu həddi keçmiş sayılır”.
