Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr birgə məzmun istehsalını artırmalıdırlar.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya nazirinin müavini Kanat İskakov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin media və informasiya sahəsinə cavabdeh nazirləri və yüksək vəzifəli rəsmilərinin 7-ci iclasında deyib.
“Bizim ortaq məzmun - bədii seriallar, sənədli layihələr, turizm, mədəniyyət və ölkələrimizin investisiya imkanları haqqında proqramların istehsalını genişləndirməyimizi vacibdir. Bu istiqamətdə böyük potensialımız var, lakin hələlik bu işə lazımi dinamikanı verə bilməmişik”, – deyə o bildirib.
İskakov TDT-yə üzv ölkələrin televiziya məhsullarına çıxışın genişləndirilməsinin, milli telekanalların qarşılıqlı şəkildə ən geniş auditoriyada yayımının təmin edilməsinin zəruriliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, kontent mübadiləsi və telekanalların bir-birinin efirində iştirak etməsi olmadan əməkdaşlıq yetərincə səmərəli ola bilməz.
O əlavə edib ki, türkdilli uşaqlar üçün yüksək keyfiyyətli kontentin hazırlanmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi vacibdir. Bu, yeni nəslin mədəni inkişafına mühüm töhfə verəcək.
“Cizgi filmləri olmadan, uşaqların prosesə cəlb olunması olmadan xalqlarımız bir-birini daha yaxından tanıya bilməz. Uşaq məzmunun yaradılması fəaliyyətimizin prioritet istiqamətlərindən biri olmalıdır”, – deyə o vurğulayıb.
