Bakı. Trend:
Gənc istedadlar gələcək media bazarın hərəkət verici qüvvəsidir.
Trend xəbər verir ki, bunu Özbəkistanın Prezident administrasiyası yanında KİV üçün Kontent İstehsalı üzrə Mərkəzin direktoru Kobuljon Axmedov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bildirib.
O qeyd edib ki, Özbəkistan genişmiqyaslı islahatlar mərhələsindən keçir və bu prosesdə media mühitinin inkişafına və gənc kadrların hazırlanmasına xüsusi diqqət ayrılır.
"Biz ölkədəki dəyişikliklərin dinamikasını əks etdirən açıq və müasir informasiya mühiti yaradırıq", - deyə Əhmədov bildirib. O vurğulayıb ki, əsas fəaliyyət istiqamətlərindən biri gənc mütəxəssislərin dəstəklənməsidir.
Əhmədovun sözlərinə görə, Özbəkistanda gənclərin media potensialının inkişafına yönəlmiş kompleks proqramlar - mobil jurnalistika və sosial media üzrə təhsil kursları, bloqçular və yaradıcı şəxslər üçün praktiki təlimlər və digər fəaliyyətlər həyata keçirilir.
"Özbəkistan TDT-nin iş proqramında nəzərdə tutulmuş bütün təşəbbüslərin, o cümlədən istedad mübadiləsi və birgə məzmun istehsalı layihələrinin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır", - deyə Mərkəz direktor əlavə edib.
