Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsi regionda yaranan yeni reallıqlar nəzərə alınmaqla yaxın gələcəkdə Azərbaycanın sosial-iqtisadi inkişafı üçün əsaslı zəmin yaradır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
“Növbəti ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair Dövlət Proqramlarında müəyyən edilmiş mühüm tədbirlərin davam etdirilməsi, eyni zamanda, əhalinin sosil rifah halının gücləndirilməsi kimi mühüm vəzifələr öz əksini tapıb”, - deyə o bildirib.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın artan iqtisadi imkanları əhalinin sosial müdafiəsinin və rifah səviyyəsinin təmin edilməsinə də mühüm töhfələr verib.
“2026-cı ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Bütün bunlar dövlətin icra orqanlarından kifayət qədər gərgin iş tələb edir”.
Deputatın sözlərinə görə, son illərdə Kürdəmir rayonunda bir neçə müasir məktəb binaları tikilib, bəzi məktəb binaları əsaslı təmir olunub. Yeni istifadəyə verilən məktəblər ən müasir avadanlıqlarla təchiz ediib, buna uyğun olaraq yerlərdə təhsilin səviyyəsi də artıb. Lakin eyni zamanda rayon ərazisində əsaslı təmirinə və ya tikintisinə zəruri ehtiyac duyulan qəzalı və istismara az yararlı məktəb binaları hələ də mövcuddur:
“Rayonun Karrar qəsəbə, Elxan Zülfüqarov adına Şilyan, Pirili, 2 saylı şəhər tam orta məktəblərinin tikintisinə ciddi ehtiyac vardır. Mən bu məktəb binalarında olmuşam, onların qəzalı vəziyyətdə olduğunun şahidiyəm. Eyni zamanda onu da qeyd edim ki, rayon üzrə ən yüksək nəticələr bu məktəblərin şagirdləri tərəfindən göstərilib”.
Milli Məclisin üzvü deyib ki, rayon əhalisinin ən ağrılı məsələlərindən biri də yerlərdə artıq istismar müddəti bitmiş, avadanlıqlarının böyük hissəsinin sıradan çıxmış elektrik təsərrüfatıdır:
“Kənd yerlərində istismara yararlı olmayan elektrik dirəkləri, tez-tez sıradan çıxan kabel və transformatorlar həmin ərazilərdə yaşayan əhalinin həm təsərrüfat fəaliyyətində, həm də gündəlik məişətində ciddi problemlər yaradır. Əhali ilə görüşlərimizdə elektrik təchizatındakı mövcud problemlər insanları ən çox narahat edən məsələ kimi önə çəkilib. Son illər rayonun bəzi yaşayış məntəqələrində elektrik təsərrüfatının yenilənməsi ilə bağlı işlərə başlansa da, ümumilikdə, problem kifayət qədər aktualdır”.
Ə.Ağazadə əlavə edib ki, son illər Kürdəmir rayonunun bir çox kəndlərinə yeni yollar çəkilib, nəqliyyat layihələri icra edilib. Lakin problemlər hələ də qalmaqdadır:
“Kürdəmir rayonunun Qarabucaq, Təklə və digər yaşayış məntəqələrindəki yolsuzluq problemi kənd əhalisinin təsərrüfat fəaliyyətinə ciddi ziyan vurur, istehsal edilmiş məhsullarının mövcud bazarlara çıxışına imkan vermir”.
