Bakı. Trend:
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya
və 2030-cu il Davamlı İnkişaf Gündəliyi əsasında mühüm
irəliləyişlər əldə olunub.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bir neçə həftə əvvəl Dohada keçirilmiş Sosial İnkişaf Sammitində də vurğulandı ki, sosial tərəqqi yalnız cəmiyyətin bütün təbəqələri, yəni hər kəs tam şəkildə cəlb olunduğu zaman mümkündür:
"Bu il BMT-nin Baş katibi əlillik üzrə sistem miqyasında altıncı hesabatını təqdim edib. Həmin hesabat son altı ildə birgə gördüyümüz işləri əks etdirir, 2019–2024-cü illər ərzində əldə olunmuş irəliləyişləri önə çıxarır və eyni zamanda gələcək fəaliyyət üçün daha yüksək hədəflər müəyyənləşdirir. Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və 2030-cu il üzrə Davamlı İnkişaf Gündəliyi əsasında mühüm nailiyyətlər əldə olunub. Nazir də qeyd etdiyi kimi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən 10-cu (SDG 10) və 16-cı (SDG 16) məqsədlərə diqqət yetirilir. Əldə olunan irəliləyişlər qürurverici olsa da, əlilliklə bağlı məsələlərin media vasitəsilə işıqlandırılması və təqdimatı sahəsində hələ də müəyyən çətinliklər mövcuddur".
