...

Azərbaycanda aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığı genişləndirilməlidir – Nazir müavini

Cəmiyyət Materials 19 Dekabr 2025 16:07 (UTC +04:00)
Azərbaycanda aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığı genişləndirilməlidir – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda aqrar sahədə rəqəmsallaşma üzrə kadr hazırlığının genişləndirilməsi vacibdir.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmədə deyib.

Nazir müavini vurğulayıb ki, digər məsələ istehsalatla universitet arasındakı əlaqələrin daha da gücləndirilməsidir:

“Sadəcə məzunların olması kifayət etmir. Müəyyən bir təcrübə əldə edən, xüsusilə kənd təsərrüfatı sahəsində oxuduğu illərdə belə təcrübə əldə edə bilən kadr xüsusilə əhəmiyyətlidir. Aqrar sahədə fəaliyyət göstərən şirkətlər, iri fermer təsərrüfatları, aqrar sənaye müəssisələri ilə də universitet sənaye əməkdaşlığının dərinləşməsi tələbə hazırlığının keyfiyyətini artıracaq. Bu istiqamətdə də Azərbaycan Dövlət Aqrar Universitetinin qarşısında strateji hədəflər qoyulub”.

İlhamə Qədimova bildirib ki, aqrar sahədə tətbiqi elmi tədqiqatların payının artırılması vacibdir:

“Universitet yalnız akademik tədqiqatlarla deyil, bu sahədə dərhal tətbiq olunan innovasiyalarla da çıxış etməli və məhsuldarlığın artırılması, xəstəlik və zərərvericilərlə mübarizə, torpaq və su ehtiyatlarının qorunması üzrə yeni modellər hazırlamalıdır.

Bundan başqa, regional və beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi də digər strateji hədəfdir. Çünki bu gün sadəcə ölkə daxilində ixtisaslı kadr yetişdirməklə kifayətlənmək olmaz. Beynəlxalq sahədə görülən işlərlə, başqa institutlarda aparılan araşdırmalarla tanış olmaq lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti