Bakı.Trend:
Müdafiə Nazirliyində hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan media nümayəndələri ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə media nümayəndələri, nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları, eləcə də digər hərbi qulluçular iştirak edib.
Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov idarənin media ilə əlaqələr sahəsində gördüyü işlər barədə məlumat verib.
O, deyib ki, Müdafiə Nazirliyi digər dövlət qulluqçuları ilə "2024-2026-illər üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası"nı hazırlayıb və bu strategiyaya uyğun fəaliyyət göstərirlər:
"Bu strategiyanın daha da təkmilləşdirilməsi üçün işlər görülür. Cari il ərzində nazirliyin saytında 700-ə yaxın paylaşım edilib. Keçirilən tədbirlərdə 3 min 200 dən çox foto və video paylaşılıb. İctimaiyyəti dəqiq-məlumatla təmin etmək üçün müvafiq hərbi hissələrə, azad olunan ərazilərə 6 mediatur təşkil olunub. Nazirliyin Media və İctimaiyyətlə əlaqələr İdarəsinin elektron poçtuna 33 mindən çox müraciət daxil olub. Vətən müharibəsi, eləcə də sonrakı dövrlərdə media nümayəndələri ilə səmərəli əməkdaşlıq etmişik. Bu əlaqələri ildən-ilə daha da inkişaf etdirmək üçün tədbirlər görürük. İl ərzində hərbi hissələrdə bir neçə filmlərin çəkilməsi üçün kifayət qədər böyük işlər görülüb. Bəzən arada nöqsanlar və çatışmazlıqlar da olur. Biz onu yerində həll etməyə çalışırıq".
