Bakı.Trend:
Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə, ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir.
Trend xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.
O bildirib ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarla tənzimlənir.
“Həmin Qaydalara əsasən, işçinin əmək vəzifələrini yerinə yetirərkən, müəssisənin mənafeyi naminə fəaliyyət göstərərkən, işə gedərkən və ya işdən qayıdarkən, eləcə də əmək fəaliyyəti zamanı kənar şəxs tərəfindən bədən xəsarətləri alması halları təhqiq edilməlidir.
Daxil olmuş məlumat əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti hadisənin istehsalatla bağlılığını araşdırmaq üçün komissiya yaradır. Araşdırma başa çatdıqdan sonra işəgötürən tərəfindən müvafiq akt tərtib edilir və bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunur”.
Xidmət rəisi vurğulayıb ki, hadisəni gizlədən və ya akt tərtibindən boyun qaçıran şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
