...

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı proqramlar həyata keçiriləcək

Cəmiyyət Materials 28 Yanvar 2026 11:02 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət orqanları uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların iştirakı ilə proqramlar həyata keçirəcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, bu Qanunda təsbit edilmiş uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə dəstək məqsədilə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaların iştirakı ilə proqramlar həyata keçirəcəklər.

Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatları müstəqil və ya digər qeyri-hökumət təşkilatları ilə birgə uşaqlara dəstək proqramları həyata keçirə biləcəklər.

Uşaq hüquqlarını müdafiə edən orqanlar (qurumlar) və qeyri-hökumət təşkilatları

Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetmə orqanları təmin edəcəklər.

Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək göstərəcəklər.

Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu Qanunla müəyyən edilmiş prinsip və tələblərə əsaslanmalıdır.

Xəbər lenti

Xəbər lenti