Bakı.Trend:
İndi mərkəzi stansiyalar rolunu ən çox “28 May” və “Sahil” stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu iki stansiyaya gəlir.
Trend xəbər verir ki, bu fikirləri rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.
Nazir müavini qeyd edib ki, ilkin olaraq keçid stansiyalarını inşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq və sərnişinlərin mərkəzə gəlməsi və mərkəzdən getməsi üçün alternativ stansiyalar təklif etməkdir, yəni, şəbəkəni şaxələndirməkdir:
"“28 May” stansiyasına keçid stansiyası olaraq “Cəfər Cabbarlı” stansiyası mövcuddur. 2030-cu ilədək “Nizami”, “Sahil” və “Xətai” stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdə isə artıq şəhər ətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcəkdir".
