Bakı. Trend:
Fevralın 23-də Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı ilə Riqa şəhərinin tarixi-memarlıq abidəsi olan Kiçik Gildiyada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Latviya Seyminin deputatları, diplomatik missiyaların rəhbərləri, yerli akademik, mədəni və dini dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 34 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı ötən əsrin ən dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb və faciə barədə ətraflı məlumat verib.
E.Sultanov bir sıra beynəlxalq təşkilatlar və parlamentlər, o cümlədən Latviya Seymi tərəfindən Xocalı qətliamının soyqırımı və ya insanlıq əleyhinə cinayət olduğunu bəyan edərək pislədiyini qeyd edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının Xocalı faciəsi barədə məlumatlılığın artırılmasındakı mühüm rolunu vurğulayıb.
Səfir 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpa etməsini, o cümlədən Xocalının azad edilməsini və müharibə cinayətkarlarının ədalət mühakiməsi qarşısına çıxarılmasının tarixi ədalətin təcəssümü olduğunu bildirib. O, ölkəmizin Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərin araşdırılması üçün qətiyyətli addımların atdığını, Xocalı soyqırımının 34-cü ildönümü ərəfəsində erməni cinayətkarlarına oxunmuş hökmlərin yalnız ədalətin bərpası olmadığını, həm də günahsız Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olduğunu qeyd edib.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşdırılması məqsədilə ölkəmiz sülh gündəliyini irəli aparmaq üzrə səylərini davam etdirir, eyni zamanda xalqımıza qarşı törədilmiş vəhşiliklər unudulmayacaq və Xocalı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Anım tədbiri faciə qurbanlarının xatirəsinə həsr edilmiş klassik musiqi proqramı ilə davam edib. Gənc azərbaycanlı musiqiçilər, Əzizə Salahova skripkada və Nərmin Nəcəfli pianoda Azərbaycan, Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının əsərlərini səsləndiriblər.
