...

İŞÇİ QRUPUNUN MƏHBUSLARIN AZADLIĞA BURAXILMASI İLƏ BAĞLI NÖVBƏTİ İCLASININ KEÇİRİLƏCƏYİ TARİX MƏLUM DEYİL

Cəmiyyət Materials 15 Sentyabr 2005 15:33 (UTC +04:00)

Sentyabrın 16-da Azərbaycan Respublikasının Milli Məclisində Qanunvericilik Komissiyasının sədri Əli Hüseynovun sədrliyi ilə hüquq müdafiəçiləri və dövlət orqanlarının nümayəndələrindən ibarət məhbus problemi üzrə işçi qrupunun iclasının keçiriləcəyi hələlik sual altındadır.

İşçi qrupunun üzvü, hüquq müdafiəçisi Murad Sadəddinovun Trend ə bildirdiyinə görə, iclasın planlaşdırılmış tarixdə keçirilib-keçirilməyəcəyi barədə hələlik onlarda da dəqiq məlumat yoxdur.

M.Sadəddinov: "İclasın sabah baş tutub-tutmayacağının günün sonunda məlum olacağı gözlənilir".

Hüquq müdafiəçisinin sözlərinə görə, planlaşdırılan iclasda bir qədər əvvəl Avropa Şurasına təqdim olunmuş 107 və 43 nəfərdən ibarət iki siyahı üzrə müzakirələrin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, hazırki vaxta qədər həmin siyahılar üzrə ümumilikdə 71 nəfər azadlığa buraxılıb. Sayca 4-cü dəfə keçiriləcək bu iclasda isə siyahı üzrə azadlığa buraxılmamış məhbusların taleyinin müzakirə ediləcəyi gözlənilir.

M.Sadəddinov: "İclasda təqdim edəcəyimiz amnistiya ilə bağlı təkliflər və işçi qrupuna məhbuslar tərəfindən daxil olmuş çoxsaylı ərizələr müzakirə olunacaq. Qeyd edim ki, təqdim edəcəyimiz siyahıda siyasi dustaqlar və Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) keçmiş üzvlərinin də adları var.

Bir hüquq müdafiəçisi kimi şəxsən mən, əsasən Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi, Milli Qəhrəman Rasim Əkbərovun və eks-spiker Rəsul Quliyevin qardaşı oğlu Bayram Quliyevin azadlığa buraxılmaları məsələsini müzakirə etmək təklifini irəli sürəcəyəm. Çünki Rasim Əkbərovun səhhətində ciddi problemlər var. Bayram Quliyevin həbsi isə sifarişlidir".

Xəbər lenti

Xəbər lenti