...

MOSKVADA TƏXMİNƏN 200 AZƏRBAYCANLI SAXLANILIB

Cəmiyyət Materials 22 Sentyabr 2005 19:39 (UTC +04:00)

Ümumrusiya Azərbaycan konqresinin Moskva şöbəsinin məlumatına əsasən, 2005-ci il sentyabrın 21-də xüsusi təyinatlı milis Dəstəsi Moskva şəhərinin Dmitriyevski şossesi yaxınlığında yerləşən ticarət mərkəzinə reyd edib və təxminən 200 azərbaycanlını saxlayaraq onları rayonun milis idarəsinə gətirib.

Trend bildirir ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bununla bağlı olaraq Rusiyanın insan hüquqları üzrə müəvəkkili Vladimir Lukinə müraciət edib. Onun göndərdiyi teleqramda deyilir ki, saxlanılanlardan təxminən 50 nəfər azadlığa buraxılıb, qalan azərbaycanlıların taleyi naməlumdur.

Elmira Süleymanova həmçinin son vaxtlar Rusiyanın güc strukturları tərəfindən Rusiyada yaşayan azərbaycanlılara qarşı milli mənsubiyyət zəminində fiziki güc tətbiq edilməsi, döyülmə və insan haqlarının kobudluqla pozulması, eləcə də tətbiq edilən digər təzyiqlərlə bağlı faktları diqqətə çatdırıb.

O, V. Lukindən onun səlahiyyətləri çərçivəsində məsələnin obyektiv araşdırılmasını, bir qrup azərbaycanlının saxlanılmasının qanuniliyinin aşkar edilməsini, sonda onların hüquqlarının təmin edilməsini və onlara qarşı zorakılığa yol verilməməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti