Azərbaycanın Tbilisidəki səfirliyinin nümayəndələri Gürcüstan polisi əməkdaşlarına müqavimət göstərdiyinə görə məhkum olunmuş Telman Həsənovun vəkili ilə daim əlaqə saxlayırlar.Sentyabrın 28-də Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov bu barədə Trend ə bildirib.
Diplomat qeyd edib ki, Gürcüstanın Qardabani rayonu, Vaxtangisi kənd sakininin səhhəti ilə bağlı heç bir problem yoxdur, T. Həsənov özü isə vəkili vasitəsilə bildirib ki, onun məhkum olunması Gürcüstanda hakimiyyət dəyişməsindən sonra öz postlarını saxlayan vəzifəli şəxslərin fəaliyyəti ilə bağlıdır.
"Qardabani rayon məhkəməsinin qərarı ilə T. Həsənov Tbilisi şəhərinin 1 saylı həbsxanasına yerləşdirilib, burada üç aylıq həbs çəkir" -deyə E. Poluxov qeyd edib və xatırladıb ki, Vaxtangisi rayonunda yaşayan Azərbaycan milliyyətindən olan vətəndaşlar bu ilin sentyabrın 16-da etiraz aksiyası keçirib və yolu kəsib.T.Həsənovun başçılıq etdiyi aksiyanın iştirakçıları ölkə hakimiyyətini milli azlıq nümayəndələrinin hüquqlarının pozulmasında günahlandırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarından yolu açmağı tələb edib və rədd cavabı aldıqda polisə müqavimət göstərən Telman Həsənovu saxlayıb.