...

Dövlətə xəyanətdə təqsirləndirilən hərbçilərin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 6 Dekabr 2005 18:39 (UTC +04:00)

Dekabrın 6-da Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində hakim İmran Hüseynovun sədrliyi ilə dövlətə xəyanətdə təqsirləndirilən iki hərbçinin cinayət işi üzrə məhkəməyə hazırldıq iclası keçirilib. Bu barədə Trend ə vəkil Teyyub Muxtarov məlumat verib.

İbtidai istintaq yolu ilə müəyyən edilib ki, avqustun 22-də Müdafiə Nazirliyinin Tovuz ərazisindəki N saylı Hərbi Hissəsində qulluq edən tağım komandiri müavini Ramin Xudaverdiyev və kəşfiyyatçı tağımının manqa komandiri kiçik çavuş Orxan Mustafayev hərbi hissəni özbaşına tərk ediblər. Yolu azan azərbaycanlı hərbçilər erməni hərbçilərinə əsir düşüblər. Əsirlikdə olduqları bir neçə gün ərzində isə qulluq etdikləri hərbi hissə barədə erməni hərbçilərinə bir sıra məlumatlar veriblər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə əsirlikdən azad edilən hərbçilərlə bağlı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırmalar aparılıb və onların cinayət əməlləri üzə çıxdıqdan sonra həbs olunublar.

Hakim cinayət işində hərbi sirrə şamil olunan bir sıra faktlar olduğundan məhkəmə iclasının qapalı keçirilməsi barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti