...

11 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçiləri məhkəmədə dindirilir

Cəmiyyət Materials 1 Fevral 2006 16:38 (UTC +04:00)

Fevralın 1-də Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Ağamalı Qafarovun sədrliyi ilə 15 fevral 2005-ci il tarixdə 11 saylı cəzaçəkmə müəssisəsində baş vermiş iğtişaşla bağlı məhkəmə prosesi davam etdirilib. Trend məlumat verir ki, ötən ilin noyabr ayında məhkəmə tərəfindən hərbçi-dustaqlarla bağlı ekspertiza təyin edildiyi üçün məhkəmə iclasının işində iki aylıq fasilə yaranmışdı.

Belə ki, təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə qarşısında vəsatət qaldıraraq dustaqların ibtidai istintaq zamanı işgəncələrə məruz qaldıqlarını, onlardan biri Zaur Babayevin isə ruhi xəstə olduğunu bildirmişdilər. Hakim ekspertizanın rəyini açıqlayarkən məlum olub ki, müayinə zamanı dustaqların işgəncələrə məruz qalmaları təsdiqlənməsə də, Zaur Babayevin ruhi xəstə olduğu təsdiqini tapıb. Hakim proses iştirakçılarına bildirib ki, məhkəmənin sonunda Z.Babayevin məcburi müalicəyə göndərilməsi barədə qərar çıxaracaq.

Məhkəmənin gedişatında 11 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Oqtay Həsənovun qardaşı Eldar Həsənov zərərçəkən qismində ifadə verib. Zərərçəkmiş məhkəmənin nəzərinə çatdırıb ki, 11 saylı cəzaçəkmə müəssisəsində nəzarətçi vəzifəsində işləyib. İğtişaş baş verərkən dustaq Rauf Nağıyev onun başına daş parçası ilə xəsarət yetirib. Lakin həmin dustaq zərərçəkmişin ifadəsini təsdiqləməyib və onun dediklərini cəfəngiyyat adlandırıb.

Xəbər lenti

Xəbər lenti