...

Əzizbəyov rayonu 3-cü polis bölməsinin sabiq rəisi 3 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib

Cəmiyyət Materials 21 Fevral 2006 17:48 (UTC +04:00)

Fevralın 21-də Bakı şəhəri, Əzizbəyov rayonu 3-cü polis bölməsinin rəisi, polis mayoru Qurban Hüseynov Suraxanı rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum edilib. Bu barədə Trend ə Suraxanı rayon Məhkəməsinin sədri Vəfadar İbayev məlumat verib.

Sabiq polis rəisi mayoru Qurban Hüseynov rəhbərlik etdiyi bölmənin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili İsmayıl Məmmədovu döyərək sonuncuya müxtəlif dərəcəli bədən xəsarətləri yetirməkdə təqsirləndirilirdi.

Məhkəmə yolu ilə müəyyən edilib ki, bölmə rəisi 29 avqust 2005-ci il tarixdə öz işçisi, polis mayoru İsmayıl Məmmədovu işə gecikdiyinə görə iş otağında döyüb. Nəticədə zərərçəkənin alt çənəsi sınıb.

Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi tərəfindən bölmə rəisinə qarşı irəli sürülən ittiham məhkəmənin gedişatında zərərçəkənin, şazidlərin və təqsirləndirilən şəxsin öz ifadələri ilə təsdiqlənib.

Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun öhdəsində iki əlil azyaşlının olmasını, bacısının isə Xocalı hadisələrində qətlə yetirildiyini nəzərə alıb. Nəticədə Qurban Hüseynov 3 il 6 ay şərti cəzaya məhkum edilib. Bundan əlavə, məhkəmənin hökmünə əsasən, Q.Hüseynov cəzasını başa vurduqdan sonra 2 il müddətinə tutmaqdan da məhrum edilib.

Xəbər lenti

Xəbər lenti