...

Mətbuat Şurasının sədri daxili işlər naziri Ramil Usubovla görüşüb

Cəmiyyət Materials 10 Mart 2006 17:17 (UTC +04:00)

Martın 10-da Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov daxili işlər naziri Ramil Usubovla görüşüb. Bu barədə Trend ə Ə.Amaşov məlumat verib. O, bildirib ki, nazirlə görüşündə əsasən "Azadlıq" qəzetinin əməkdaşı Fikrət Hüseynli ilə bağl baş vermiş hadisə müzakirə edilib. Onun sözlərinə görə, jurnalistə xəsarət yetirilməsinin media orqanlarında geniş ajiotaj yaratdığını R.Usubovun diqqətinə çatdırıb. "Son vaxtlar jurnalistlərə qarşı təzyiq hallarının azalması belə qənaət yaradırdı ki, artıq mediamızın digər ciddi problemlərini həll etmək üçün imkan yaranıb. Lakin biz yenidən jurnalistlərə qarşı belə xoşagəlməz hərəkətlərin aradan qaldırılmasına çalışmağa məcbur oluruq. Ona görə də belə halların təkrarlanmaması üçün "Azadlıq" qəzetinin əməkdaşı ilə bağlı insidentin araşdırılması, hüquqi qiymətini alması vacibdir"-deyə Ə.Amaşov bildirib.

Ə.Amaşovun sözlərinə görə, daxili işlər naziri Ramil Usubov bildirib ki, hadisə haqqında məlumat alan kimi müvafiq göstərişlər verib və hazırda bu fakt Səbail Rayon Polis İdarəsi tərəfindən ciddi araşdırılır. Nazir qeyd edib ki, fakt Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin də birbaşa nəzarəti altındadır. R.Usubov həqiqətin üzə çıxmasına çalışdıqlarını və günahkarların məsuliyyətə cəlb olunacağını deyib. "Hadisənin kimlər tərəfindən törədildiyi şərt deyil, əsas mahiyyəti budur ki, o, ölkəmizdə dərinləşməkdə olan əmin-amanlığa qarşı yönəlib"-deyə daxili işlər naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti