Aprelin 7-də Bakıda Gürcüstanın İctimai İşlər İnstitutu və ABŞ-ın Azərbaycandakı səfirliyinin iştirakı ilə Qafqaz Jurnalistika Məktəbinin jurnalistika və media menecmenti magistraturası proqramı üzrə ərizələrin qəbulunun başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Amerikanın Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Canatan Xenik bildirib ki, bu proqramda məqsəd Qafqazda inkişaf etməkdə olan demokratik cəmiyyətlərdə KİV-ə dəstək verməkdir. Proqram çərçivəsində müsabiqə əsasında peşəkar jurnalistlər və ali təhsili olan digər sahələrdən olan mütəxəssislər arasında 4-5 seçim edilir. Menecment prinsiplərinə də xüsusi diqqət verilir.
Proqram 4 semestrdən ibarətdir: 2006-cı ilin sentyabrından 2008-ci ilin mayına kimi. 1-ci və 4-cü semestrlərdə proqram Bakıda, Xəzər Universitetinin əməkdaşlığı ilə həyata keçiriləcək. Bütün tələbələr 2007-ci il ərzində Gürcüstanda olacaqlar və 2008-ci ilin mayında isə dissertasiya müdafəi etmək üçün yenə Tbilisiyə qayıdacaqlar.
Təhsil pulludur. İki il ərzində tələbələr 750 ABŞ dolları ödəyəcəklər. Bununla yanaşı, Gürcüstanda olduqları müddətdə azərbaycanlı tələbələrə hər ay 370 ABŞ dolları məbləğində təqaüd veriləcək. Məktəbə daxil olmaq üçün ingilis dilini TOEFL sistemində 400-420 bal səviyyəsində bilmək zəruridir.
Ərizələrin verilməsində ən son müddət 2006-cı il mayın 30-na kimidir. Azərbaycan-Amerika qəbul komissiyası iyunda müsahibə aparacaq. Eləcə də Azərbaycan dilində inşa yazmaq da tələb olunur.