Azərbaycanın Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi xarici ölkələrlə hemofiliyalı xəstələr üçün preparatların idxalı üzrə danışıqlar aparır. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 14-də Səhiyyə Nazirliyinin yaydığı press-relizdə bildirilir.
Məlumatda bildirilir ki, bu gün Azərbaycanda hemofiliyalı xəstələrin sayı 1 min nəfərdən artıqdır.
17 aprel bütün dünyada Ümumdünya Hemofiliya Günü kimi tanınır. Azərbaycanda hökumət tərəfindən bu cür xəstələrə xüsusi diqqət ayrılır. 2005-ci il mayın 3 -də dövlət başçısı İlham Əliyev tərəfindən "Hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında qanunun tətbiq edilməsi haqqında" fərman imzalanıb. 2006-cı ilin yanvarında ölkənin Nazirlər Kabineti Səhiyyə Nazirliyi tərəfindən hazırlanan "Hemofiliyalı və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"-nı təsdiqləyib.
"Hazırda Nazirlik tərəfindən bu proqramın həyata keçirilməsi üzrə tədbirlər planı həyata keçirilir ki, buraya eləcə də bu xəstələr üçün dərmanların idxalı da daxildir", - deyə məlumatda bildirilir.