Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Məhkəməsinin hökmü ilə sabiq OMON-çu Rövşən Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Trend ə məhkəmə iclasına sədrlik etmiş hakim Ənvər Seyidov məlumat verib.
Məhkəmə yolu ilə müəyyən edilib ki, R.Əliyev 1991-ci ildə Ağdam rayon Polis Şöbəsinin post-patrul xidmətində polis nəfəri işləyib. 1992-ci ildə isə Rövşən Cavadovun başçılıq etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinə (OMON) üzv olub. 1995-ci ilin mart ayına qədər OMON tərkibində Qarabağ döyüşlərində vuruşub, 1995-ci ilin mart ayında OMON-çular tərəfindən Bakı şəhərində törədilmiş silahlı toqquşmalarda iştirak edib.
OMON dəstəsinin zərərsizləşdirilməsindən sonra isə həbs olunacağından ehtiyatlanan Rövşən Əliyev Rusiya Federasiyasına qaçıb və 12 il orada gizli şəkildə yaşayıb. Ötən müddət ərzində isə Azərbaycanın daxili işlər orqanları tərəfindən həbsli axtarışda olub. 2005-ci ilin dekabr ayında o, Rusiyadan Ağdam Rayon Polis Şöbəsinin rəisi Şahin Məmmədova zəng vuraraq Azərbaycana qayıtmaq və könüllü şəkildə istintaq orqanlarına təslim olmaq istədiyini bildirib. Bundan sonra əməliyyat qrupu RF-nin Kemerov vilayətinə gedərək sabiq OMON-çu ilə "Zarya" mehmanxanasında görüşüblər və onu Azərbaycana gətirərək istintaq orqanlarına təhvil veriblər.