Azərbaycan Yolu Siyasi Hərəkatı indiki Ermənistan Respublikası adlanan Qərbi Azərbaycan torpaqlarından zorla didərgin salınan azərbaycanlıların hüquqlarını müdafiə etmək məqsədilə yaratdığı Təşəbbüs Qrupunun növbəti toplantısı keçirilib. Bu barədə Trend ə adıçəkilən hərəkatın mətbuat xidmətindən bildiriblər.
Toplantıda bu məsələnin dövlət səviyyəsində həyata keçirilməsini təmin etmək üçün xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, Beynəlxalq təşkilatlara və Milli Məclisə müraciətlər ünvanlanıb. Müraciətdə bildirilir ki, bu cür qurumun yaradılmasında məqsəd Qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılması, onlar üçün Ermənistan ərazisində muxtar qurum yaradılması kimi tarixi ədaləti bərpa etmək uğrunda mübarizə aparmaqdır.
Müraciətdə, həmçinin, belə bir əminlik ifadə edilir ki, Azərbaycanın Milli Məclis üzvləri Qərbi azərbaycanlıların haqlı tələbinə milli maraqlar baxımından yanaşacaq, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ probleminin ədalətli həllində Azərbaycanın mövqeyinin möhkəmlənməsinə xidmət edən bu təşəbbüsü qiymətləndirərək dəstəkləyəcəklər.